“Qanlı 20 Yanvar Azərbaycanın yenidən müstəqil olmasına gətirib çıxardı” — Komitə sədri

GÜNDƏM 19 yan 2022, 18:59
“1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı”.

Bunu “Demokrat.az”a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. 

Deputat qeyd edib ki, Qanlı 20 Yanvar Milli Azadlıq Hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə  nail olmasına  gətirib cıxardı: “Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı və şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan  ağır, çətin, ancaq şərəfli yol  2020-ci il sentyabr ayında ən mühüm zirvəsinə çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə başa çatdı.

Vaxtı ilə Şəhidlər Xiyabana gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də, biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli  səhifələrdən biridir! Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu! Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top