“Spayder” sözünü filmdən götürüb lüğətə əlavə etmək həqiqətən gülməlidir — Xeyrəddin Qoca

GÜNDƏM 18 yan 2022, 12:15
Xəbər verdiyimiz kimi, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən "hörümçək” sözü çıxarılaraq, əvəzində lüğətə "spayder” sözü salınıb. Bu cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Yazıçı-publisist Xeyrəddin Qoca Demokrat.az-a açıqlamasında bildirib ki, bu edilən dəyişiklik düzgün deyil: 

“Bu gündən sonra 100 il keçər, mən “spayder” sözünü anlaya bilmərəm və heç kimə də anlada bilmərəm. “Hörümçək” sözünü mənası var: “nəyisə hörmək, nəyisə qurmaq”, yəni adından məlumdur. “Spayder” nədir? Dilçi alimlər nəsə fikirləşiblərsə, demək ki, onlar nəsə bilirlər. Onları şübhə altına almıram, ancaq sözün mənasını başa düşmürəm. Bu sözü heç kim anlamayacaq və illərlə bizim dilimizə keçməyəcək. Hansısa film əsas deyil, dil dildir. Bizim dilimiz var, düzdür başqa dillərdən də sözlər qəbul edirik. Amma “spayder” nədir? Mən bu sözü şəxsən qəbul etmirəm, çünki “hörümçək” sözü bir şeyi qurmaq deməkdir. Biz  80-100 ildir ki, bu sözü işlədirik. İndi kiminsə, hardasa filmi var, o filmdən götürüb lüğətə əlavə eləmək həqiqətən bir az gülməli çıxır. Dilimizi pis günə qoyanların çoxunu mən azərbaycanlı hesab etmirəm. Milli insan olmaq lazımdır, milli insan olmadan heç nəyi qurmaq olmaz. Nə dili, nə musiqini, heç bir sənətkarlığı qurmaq olmaz. İnsanın özündə millilik olmalıdır, milli qan olmalıdır. Mən demirəm ki, onu eləyən adamda millilik yoxdur. Amma o nə demək istəyir axı? Ola bilər ki, uşaqların dilinə bu söz keçib, bizim də dilimizə hörümçək. İndi neyniyək? Uşaqların nazıyla oturub-duraq? Bu biabırçılıqdır. Ağlına nə gəlir dilə gətirmək istəyirlər. Elə şey olar? 70 yaşdan yuxarı yaşım var, mən belə şeyi indi eşidirəm”.

X.Qoca vurğulayıb ki, bu cür sözlər dilimizi korlayır: 

“Bizim dilimizi onsuz da televiziyalar, bütün aparıcılar korlayır. Dilimizi bilən bir nəfər də aparıcı Azərbaycanda yoxdur. Bir nəfər çıxsın desin ki, dili bilirəm. Köhnə aparıcılar deyə bilmərəm, indi bizim aparıcılarımız dili korlamaqla məşğuldurlar. Cümlə qura bilmirlər,  məntiqləri yoxdur, artıq sözlər işlədirlər, mənasız sözlər danışırlar. Ən çox dilimizi korlayan da məhz televiziyalardır, özü də hamısı. Çünki onların rəhbərləri özləri dili bilmirlər və dili bilmədikləri üçün də, işçilərə nəzarət edə bilmirlər. Əslində nəzarətlə də, dil öyrənmək olmur. Dil elmdir, dil ümumi bilikdir, dünyəvi bilikdir. Televiziyalar dilimizi məhv edib. Azərbaycan televiziyalarına 5-6 ildir baxmıram. Düzdür, arada bir bəzi verilişləri baxıram, amma baxanda da tez çevirirəm başqa kanala. Hər halda bizim dilimizi korlayan dilçilər yox, televiziyalardır. Dilçilər yenə azdan-çoxdan bir şey bilirlər, amma televiziyalar dəhşətdir. Bir gündə televiziyalardan 10 mindən çox dil səhvi tapa bilərəm. Onların bütün verilişlərinə baxsaq, dil, üslub, cümlə, məna, məntiq səhvi tapmaq mümkündür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top