​Zabratda evi yanmış köçkünlərə yeni mənzillər təklif ediləcək

SOSİAL 20 fev 2019, 21:32

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zabrat qəsəbəsində yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək. 

 

Dövlət Komitəsinin Mətbuat xidmətindən Demokrat.Az -a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra komitənin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar. 


Hazırda yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək. 

 

Xatırladaq ki, bu gün səhər Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib. FHN-nin məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top