"Bu kəsim erməni lobbisindən və xaricdəki “azərbaycanlılar”dan qat-qat artıq təhlükəlidir" — Keçmiş deputat

GÜNDƏM 11 fev 2019, 14:43

Çox sevdiyim və təkrar- təkrar izlədiyim “Qladiator” filmində ibrətamiz bir epizod var.

Maksimusun iradəsi və qüdrəti qarşısında aciz qalmış Komadus ispaniyalı sərkərdəyə deyir: “Sənə qalib gəlməyim üçün əvvəlcə  şöhrətini məğlub etməm gərək. Öncə səni nüfuzdan salmalıyam. Özündən qabaq adını öldürməliyəm…”

Dövlət bir siyasi müəssisədir. Onun etiketi qaralanıb yerə atılandan, imici ləkələnəndən sonra dağılıb çökməsi an məsələsidir…

Bəxtiyar Vahabzadənin 1991 ci ildə Mlli Məclisdəki məşhur çıxışını oxuyuram. Heydər Əliyevin nitqinə fit səsiylə, ayaqlarını yerə döyməklə etiraz edən bir yığın “konyuktura adamı”na əməlli-başlı dərs keçmiş şair  xalqın üzləşdiyi durumun dəqiq diaqnozunu verir: “Müqəddəs hisslər, insani duyğular unudulub. Elə buna görə də bu kökə düşmüşük…”

Və Bəxtiyar Vahabzadə bu kökə düşməyimizin birmənalı səbəbkarlarına –  “vəzifədə olanın yaltağı, vəzifədən gedənin qənimi kəsilən” satqın xəyanətkar partnomenklatura təmsilçilərinə xatırladırdı: “Unutmayaq ki, 1970-ci illərdən hazır olmalarına baxmayarq, ermənilər Əliyev vəzifədən gedəndən sonra başımıza bu oyunu aça bildilər. Heydər Əliyev sipər kimi onların qabağında dayanmışdı…”

O günlərdən 27 il ötür. Yenə oxşar vəziyyətdir: bütün parametrləri, hətta (nə qədər təəccüblü olsa da) ayrı-ayrı detalları ilə birgə.

Ermənilər yenə Azərbaycandan əl çəkmirlər. Və bu gün  Heydər Əliyev  yenə sipər kimi ermənilərin qarşısında dayanıb: Adının doğurduğu gürşad bir enerji, heykəlləşmiş xatirəsi, siyasi varisi ilə…

Və yenə Adının ( heykəlinin) və siyasi varisinin kölgəsində bir qrup “konyuktura adamı”… Amma bu dəfə fərqli və hiyləgər bir taktika seçiblər.

Ayaqlarını yerə döyüb səs salmırlar, gözlərini döyürlər və gözləyirlər…

Mən Azərbaycan tarixində Heydər Əliyev qədər özünə əbədi ehtiram qazanmış ikinci bir siyasət və dövlət adamı tanımıram.

Azərbaycanın siyasi taleyinə çevrilən Heydər Əliyev ölkəsi və xalqı üçün ali etik instansiyadır. Heydər Əliyevin Adı yenə bir nömrəli hədəf olaraq qalır..

Onun Adı və Soyadı ilə döyüşürlər…

Hücumlar üc istiqamətdən gəlir

1) Ənənəvi erməni lobbisindən…

Tez-tez erməni təxribatları ilə rastlaşırıq. “Üzeyir Hacıbəyov ermənidir, Qara qarayev ermənidir” və sair çeşid-çeşid dezinformasiyalar…

İstədikləri nədir? Üzeyir bəyi, Qarayevi özününküləşdirmək, mənimsəmək?

Yox!

Üzeyir bəyin Qara Qarayevin dühasındakı azərbaycanlı ruhunu necə erməniləşdirmək olar?

Bu, baş tutması mümkün olmayan bir sevdadır.

Və bunu ermənilər özləri də çox gözəl dərk edirlər…

Erməni ideoloqlarının niyyəti Azərbaycan xalqının söykəndiyi, istinad etdiyi hər cür ictimai-siyasi, əxlaqi inancı murdarlamaq, sütunları laxlatmaqdır.

Sınaqdan çıxmış üsuldur: ağ rəng qara ləkəni tez götürər. Və bəzən təəssüf ki, kütləvi şüur Böyük adlara atılan  belə ləkələri  həzm edir…

Usta Zeynalın əlində gördüyü işdən birdən-birə iyrənməyinin baisi nəydi?

Mirzə Cəlilin “Usta Zeynalı”nı  oxuyanlar bilir: hər şey Qurbanın kütbeyinliyi üzündən baş vermişdi…

Usta öyrənir ki, köməkçisi Qurban küpləri qarışdırıb, gəc düzəltmək üçün erməni küpüylə su gətirib. Suvağı həmən yarımçıq saxlayır.

Ədib həmən səhnəni belə təsvir edib: “Qurban, Allah sənə lənət eləsin! 
Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya aləmi murdar elədin”.

Qurban dinməyib mat-mat baxırdı Usta Zeynalın üzünə.

Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə”.

Usta çıxıb gedir və oturur arxın kənarında.

Əllərini yuyur.

Amma Usta Zeynal, qəti əminiydi: erməninin nəfəsi dəyən yeri yuyub durulamaq heç cür mümkün deyil.
O, bütün sadədil, saf qəlbiylə özünü bilmərrə inandırmışdı ki, küp salavat götürməz!..

Şübhəsiz, erməni təblğat maşınının ümumi prinsipi birbaşa sadədil düşüncə sahiblərinə hesablanıb.
Çünki onları tora salmaq, sadəlövh qəlblərinə şübhə toxumu səpmək xeyli asandır.

Üstəlik, bir yandan da qurban(lar) küpləri dəyişik salır. Erməni təbliğat maşınına öz xidmətlərini təklif edir…

Müqəddəs dəyərləri, adları murdarlanmış cəmiyyət kriminal adam kimidir. Nəyə desən gedər.
Onun üçün Ana, Vətən, Dövlət anlayışı yoxdur…

2) Hücumların başqa bir qismi məğlub yaddaşların daşıyıcısı olan “azərbaycanlılardan” gəlir.

Qanunauyğunluqlar mövcuddur: Uğursuzluq stresi yaşayan yaddaş aqressiv olur, kin-kudurət saçır …
Səbəbkar axtarır, günahkar gəzir.

Azərbaycan vətəndaşına barmaq silkələyir, onu hədələyir: “Mən övladlarıma çox şey verə bilərdim. Verə bilmədim. Bunun səbəbkarı sənsən, ey Azərbaycan vətəndaşı”.

Guya, sadə vətəndaşın borcudur ki, onu çiyninə alıb hakimiyyətə gətirsin və  o da özünə, ətrafına gün ağlaya bilsin..

Söyurlər, iftira yağdırırlar.

Fövqəladə siyasi persona, şəxsiyyət olmaq istəyirlər. Dəridən qabıqdan çıxmalarına rəğmən, heç nə alınmır. Heydər Əliyevin Adı və Soyadı, Prezidentin xarizması onlara bu şansı vermir. Onun böyük adı qarşısında əzilirlər, əriyib yoxa cıxırlar…

Qəzəblənib söyüşün ahənginə bir az da güc verir, yalanı daha gur səslə, bağıraraq söyləyirlər. Ona görə yox ki, kimsə o yalanlara inansın və ya inanır…

Bu bir fənddir, texnologiyadır: Böyük və ucadan deyilən yalanın bir istəyi var. Məqsəd qulaqları kar eləməkdir ki, həqiqəti eşidə bilməsinlər… Qurban Məmmədov(lar) Heydər Əliyevin milli kimliyini müzakirə edir…

Axi tarix var: ermənilər həmişə, ilk fürsətdə onun Adına hücüm çəkiblər (Yeri gəlmişkən, yəqin  çox az təbəqə bilir ki, ötən əsrın əvvəllərində Heydər Əliyevin dayısı 21 yaşlı Heydər Zəngəzur dağlarıyla Naxçıvana keçərkən yolda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilibdir… Və bu hadisədən bir neçə il sonra İzzət xanım dünyadan nakam getmiş qardaşının adını oğluna verib).

Ötən əsrin əvvəlində Heydər Əliyevin 21 yaşlı adına atılan xain erməni gülləsinin əks-sədası əsrin sonlarında İgidyan kimi erməni millətçisinin bəyanatında yeni məzmunda üzə çıxmışdı: “Qeydar Aliyev razarmeniroval Azerbayjan…”

Olmaya, Heydər Əliyevin mlli kimliyinə həqarət edən “azərbaycanlılar” onun 70 ci illərdə Azərbaycanda həyata keçirdiyi ermənizisləşdirmə xəttindən əziyyət cəkənlərin yaxınlarıdır?…

Kim bilir… Bəlkə də.

3) Hücumların ücüncü qismi ənənəvi “konyuktura adamları”ndan qaynaqlanır…

Bu kəsim erməni lobbisindən və xaricdəki “azərbaycanlılar”dan qat-qat artıq təhlükəlidir…

2005-ci ilin parlamet seçkilərində əməliylə və düşüncəsiyə Heydər Əliyevə bağlı olan bir ağsaqqal professor alimimiz bir “konyuktura adamı”na “uduzdu”… Onda bu çox pis əlamətdir demişdim. Fikrimdə qalıram…

Düzdür, “konyuktura adamları”nın da Milli Məclisdə, idarəçilikdə, ümumiyyətlə hər yerdə təmsil olunmaq   haqqı var .

Ancaq bir şərtlə: Hec bir halda bu təmsilçilik həyatıyla, əxlaqıyla, bütün mənəviyyatıyla Heydər Əliyevə bağlı olan əqidədaşların hər yerdən və hər şeydən sıxışdırılması hesabına təmin edilməməlidir.

Belədə insanın müqəddəs hissləri xarabazara dönür.

Sonradan o xarabanın üzərində nəyisə bərpa etməyə cəhd göstərməyin mənası və faydası olmur…

Azərbaycanı çökdürmək, onu qoruyucu sipərdən məhrum etmək həvəsiylə, düşmən üç istiqamətdən cəbhə açaraq Heydər Əliyevin adını məğlub etmək istəyir.

Bacara bilərmi? Heç vaxt.

Əminlik üçün ciddi əsas var: Heydər Əliyevin mili iradəsinin və dövlətçilik təfəkkürünün varisləri minlərlə, yüz minlərlədir…

Yetər ki, onların müqəddəs hisslərini “konyuktura adamlarına” şumlatmasınlar…

 

Alqış HƏSƏNOĞLU

Filologiya elmləri namizədi, Milli Məclisin keçmiş deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top