"Hər birindən zövq alıram" - Səfir Aygün Kazımovanın Türkiyədə mükafat almasından DANIŞDI

MÜSAHİBƏ 26 yan 2019, 19:48

~Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral 1965-ci ildə Ərzincanda anadan olub, Ankara Universitetinin məzunudur. Artıq 2 ildir ki, Azərbaycanda səfir kimi çalışan 53 yaşlı elçinin maraqlı həyat hekayəsi var. Diplomat kimi də karyerası zəngindir. Azərbaycana çox bağlıdır. 1980-ci ildə hələ məktəb illərində görüb sevdiyi xanımla ailə həyatı qurub...

Bir neçə faktı biz söylədik, amma həm diplomatik fəaliyyəti, həm də şəxsi həyatı ilə bağlı digər məqamları səfirin öz dilindən eşitmək daha maraqlıdır.

 

Demokrat.Az Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın "Azərbaycan" qəzetinə verdiyi müsahibəni təqdim edir.

 

İmkan olsaydı, uşaqlığımı yenidən yaşayardım

 


- Uşaqlığımı əslində tam xatırlamıram. Necə bir uşaq olduğumu rəhmətlik anamdan soruşmaq mümkün olsaydı, indi o, sizə məni daha yaxşı təqdim edərdi. Qısa deyə bilərəm ki, ağıllı və sakit olmuşam. Valideynlərimi incitməmişəm və dərslərimi də yaxşı oxumuşam. İmkan olsaydı, uşaqlığımı yenidən yaşayardım.

Ankara Universitetinin Siyasi bilgilər fakültəsində, Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil almışam. 1989-cu ildə universiteti bitirdikdən sonra Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyində işə başlamışam. Fəaliyyətim boyunca Səudiyyə Ərəbistanında, Almaniyada, Bakıda, Litvada xidmət göstərmişəm.

1992-1994-cü illərdə Türkiyənin Riyad səfirliyində üçüncü katib, 1994-1997-ci illərdə isə Karlsruhe baş konsulluğunda müavin-konsul olaraq xidmətimi davam etdirdim. Oradakı fəaliyyətimi başa vurduqdan sonra Ankaraya geri qayıtdım. 1997-1999-cu illər ərzində Xarici İşlər Nazirliyində ikinci katib və baş katib olaraq çalışdım. Nəhayət, 1999-2003-cü illərdə Türkiyənin Berlindəki səfirliyində məsləhətçi işlədim. 2003-2005-ci illərdə isə yenidən Xarici İşlər Nazirliyinə geri döndüm və burda, protokol şöbəsində müdir olaraq çalışdım.

Bakıda ilk xidmət göstərdiyim illər 2005-2009-cu illərə təsadüf edir. O zaman Türkiyənin Azərbaycandakı səfirliyində baş məsləhətçi idim. 2014-cü ilin sentyabr ayından bura səfir təyin olunan müddətə qədər Türkiyə Xarici İşlər Nazirliyində "xarici işlər üzrə məsləhətçi elçi” olaraq çalışdım. Və nəhayət 11 oktyabr 2016-cı il tarixdə Azərbaycana səfir təyin olundum. Artıq üçüncü ilə keçib ki, Bakıdayam...

 


Türkiyədə doğulan hər kəs Azərbaycanı tanıyır

 


- Türkiyədə doğulan hər kəs özünü tanımağa başladığı andan etibarən Azərbaycan haqqında məlumatlı olur. Azərbaycanın Türkiyənin qardaş ölkəsi olduğunu, xalqlarımızın eyni düşüncə, eyni sevinc və kədəri paylaşdığını hər kəs bilir. Yadımdadır, keçmiş sovetlər birliyi dövründə "Bakı” radiosunda səslənən Azərbaycan mahnılarını xüsusi zövqlə dinləyərdik. Azərbaycana sevgim belə yarandı. Bəli, bütün uşaqlığım Azərbaycana sevgi üzərində köklənmişdi. Bir-birimizi sevməyimizin bir səbəbi var - bir millət, iki dövlətik. Keçmişimiz, soyumuz birdir. Ona görə də uşaqlıqdan Azərbaycan haqqında eşitmişik.

Azərbaycanı ilk dəfə 1997-ci ilin sonunda görmüşəm. Bir işlə bağlı bura gəlmişdim. Onu da deyim ki, o vaxtkı Azərbaycanla indiki Azərbaycan arasında çox fərq var. Hətta heç müqayisəyə sığmayacaq qədər böyük dəyişiklik var. Yəqin ki, çoxları o zamanlar təyyarəyə minmək üçün düz 2 saat gözləməli olduğumuzu yaxşı xatırlayar. İndi isə Azərbaycan çox inkişaf edib, dəyişib və gözəlləşib. 2005-2009-cu illərdə Azərbaycana yenidən gəldim və bu dəfə səfirlikdə səfirin birinci məsləhətçisi olaraq işlədim. 2009-cu ilin sentyabr ayında isə fəaliyyətimi başa vurub getdim. Təbii ki, o zaman bura yenidən səfir olaraq geri gələcəyimi bilməyim qeyri-mümkün idi. Çünki bizim harada nə iş görəcəyimiz gedəcəyimiz zaman bəlli olur. Onu deyim ki, Türkiyədə bir diplomatın eyni yerdə iki dəfə xidmət göstərməsi çox nadir hallarda olur. Ona görə bura gələcəyimi düşünmürdüm.

 


Türkiyəni təmsil etmək asan deyil, amma...

 


- Hər peşənin çətin və asan yönləri var. Fikrimcə, Türkiyə Cümhuriyyətinin diplomatı olmaq asan bir iş deyil, amma Türkiyənin səfiri olaraq Azərbaycanda xidmət göstərmək başqa bir duyğudur.

Əlbəttə ki, səfir olaraq işimizin yükü ağırdır, məsuliyyəti böyükdür, amma burda öz vətənimizdəymişik kimi xidmət göstəririk. Buna görə asan gəlir. Təkcə mən deyil, Türkiyədən bura ilk dəfə gələn hər kəs sanki özünü Türkiyədə bir şəhərdən başqa bir şəhərə gedirmiş kimi hiss edir. Azərbaycanda öz dilində danışmağın verdiyi bir rahatlıq, güvən var. Bura ilk gələndə çox qısa müddət ərzində öz qardaşlarınla bir arada olduğunu anlayırsan. Bu, başqa bir duyğudur. Hər kəslə eyni dili danışmağa başladığınız andan heç bir əngəl, heç bir problem qalmır.

 


Fərqli təamlar, fərqli dadlar...

 


- Bura ilk gəldiyimiz günlər elə də böyük çətinliklər yaşamadıq. Adaptasiya problemimiz də olmadı. İşimizlə bağlı olaraq fərqli yerlərə getmək, həmişə səfərlərdə olmaq bizim həyat tərzimizə dönüb. Xırda çətinliklərimiz oldu, Türkiyə üçün bir az darıxdıq, amma indi artıq onların hamısını unutmuşuq. Məsələn, mətbəxlərimiz bir az fərqli olduğundan ilk əvvəl bir az uyğunlaşma prosesi yaşadıq. Burda fərqli təamlar var. Plov, kabablarımız eynidir, amma dadları başqadır. Sizin ətiniz, çayınız daha dadlıdır.

Burda bizə və bütün Türkiyə vətəndaşlarına yaradılan hər bir şəraitdən razıyıq. Azərbaycanı öz vətənimiz hesab edirik. Türklər hələ Azərbaycan öz müstəqilliyini elan etmədən əvvəl bura gediş-gəliş etməyə başlayıb. 1990-cı illərdə sovet birliyi ilə Türkiyə arasındakı sərhəd açıldıqdan sonra ilk səfər edilən ölkə Azərbaycan idi. 1992-ci ildən burda yaşayan Türkiyə vətəndaşları da var. Hətta sovet dövründə də Azərbaycanla aramızda münasibətlər, gediş-gəliş olub. Bir çox azərbaycanlının Türkiyədə qohumu var, eləcə də türkiyəlilərin burda tanışları var. Bura mənim ikinci vətənim yox, elə vətənimdir. Azərbaycanda özümüzü xoşbəxt hiss edirik. Həmişə birlikdə xoşbəxt olaq.

 


Muğamın verdiyi zövq tamam başqadır

 


- Təbii ki, həyatım ancaq səfir olaraq xidmət etməkdən ibarət deyil. Mədəni istirahətimi də səmərəli qurmağa çalışıram. İşdən sonra əsasən dostlarla birgə vaxt keçiririk. Azərbaycanın mədəni tədbirlərinə dəvət alırıq. İki dövlət, bir millət olduğumuz üçün mədəniyyətimiz də eynidir. Azərbaycanın bütün milli, mədəni dəyərləri elə bizim öz mədəniyyətimizin də bir parçasıdır. Azərbaycan və Türkiyə mədəniyyətini bir-birindən ayırmaq olmaz. Nəsimisiz, Füzulisiz türk ədəbiyyatını düşünmək mümkün deyil. Bizim bütün dəyərlərimiz, keçmişimiz ortaqdır. Biz Azərbaycan mahnılarını hələ sovetlər dövründə, soyuq müharibə dövründə Türkiyədə sevərək dinləyərdik. Türkiyədə Zeynəb Xanlarovanı tanımayan yoxdur. O və Rəşid Behbudov Türkiyədə ilk konsert verən Azərbaycan sənətçiləridir.

İndi də bir çox azərbaycanlı sənətçilər Türkiyədə mükafatlandırılırlar. Elə bu günlərdə Aygün Kazımova Türkiyədə "Altın kelebek” mükafatına layiq görülüb. Bütün Azərbaycan mahnılarını dinləməyi sevirəm, hər birindən zövq alıram. Muğamın verdiyi zövq isə başqadır. Qulağıma xoş gələn, məni rahatladan mahnıları həmişə dinləyirəm.

 


Bizi gözü götürməyənlər çoxdur

 


- Boş zamanlarda Azərbaycanı gəzməyə çalışırıq. Azərbaycanın hər tərəfi çox gözəldir. Gəncə özünəxas memarlığı, Şəki qədimliyi ilə çox möhtəşəmdir. Bakıya da gələndə tamam başqa bir şəhərlə qarşılaşırsan. Bölgələrə gedəndə məni tanıyan hər kəs şəkil çəkdirmək üçün yaxınlaşır. Bu, diplomatın yaşayacağı bir şey deyil. Diplomatlar bir az qapalı olurlar, amma belə hallar çox xoş gəlir. Bu yaxınlarda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Lənkəran, Astara bölgələrinə getdik.

İki ildir ki, burdayam. Mənim Türkiyə və Azərbaycanla bağlı söyləyəcəyim bir söz var ki, onu da ümummilli lider Heydər Əliyev deyib: "Biz bir millət, iki dövlətik”. Və Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci ilə sevinir, kədəri ilə kədərlənirik”. Azərbaycan Türkiyənin çətin anlarında həmişə yanında olub. Bizim ortaq dərdimiz var. Bilirsiniz ki, Türkiyənin 34 diplomatı erməni terrorçuları tərəfindən şəhid edilib. Bizi gözü götürməyənlər çoxdur.

Türkiyə ilə Azərbaycanı bir-birinə anlatmaq üçün özəl kəlmələrə ehtiyac yoxdur. Deyə biləcəyim tək budur: Türkiyə sizin qardaşınızdır. Həmişə dediyim bir söz var, kaş ki, imkan ola Türkiyənin 80 milyon vətəndaşının hər biri gəlib Azərbaycanı görsün. Hər bir azərbaycanlı da Türkiyəyə getsin. Bir-birimizə nə qədər qardaş olduğumuzu hər kəs görəcək.

Yeni ili Bakıda qeyd etdik. Burada daha maraqlı olur. Qonaqlar üçün Türkiyə yeməkləri hazırlayırıq, çünki Azərbaycan mətbəxini yaxşı bacarmarıq. Azərbaycan mətbəxindən ən çox sevdiyim qaralı plovdur. Türkiyədə olmayan yeməklər də var. Məsələn, soyutma, xaşlama. Bunlar da çox dadlıdır. 2020-ci ildə artıq fəaliyyətim başa çatır. Bura üçün çox darıxacağam.

 


Bənzərsiz qardaşlıq nümunəsi

 


- Türkiyə ilə Azərbaycan arasında dünyaya örnək olacaq münasibət var. Bizim bu gün nail olduğumuz bu münasibət həddi dünyada başqa heç bir iki ölkə arasında yoxdur. Aramızdakı iqtisadi bağları bir yana qoysaq, bizi bu gün bir arada tutan çox mühüm şeylər var. Eyni sevinci, kədəri, düşüncəni paylaşdığımız üçün hər zaman birlikdəyik. Gəldiyimiz bu səviyyənin, siyasi, iqtisadi əlaqələrimizin zəifləməsinə icazə vermədən daha da irəliləmək üçün yeni layihələr həyata keçirməliyik, qardaşlığımıza yaraşan işlər görməliyik.

Artıq 2018-ci ili baş vurduq. Ötən il Türkiyə-Azərbaycan münasibəti baxımından çox yaddaqalan oldu. Mühüm layihələr həyata keçirildi. Bunlardan birincisi Azərbaycanın təbii qazını Avropaya daşıyacaq TANAP qaz kəmərinin açılışı idi. Bu qaz kəməri vasitəsilə Azərbaycanın Avropanın enerji təminatına çox mühüm töhfəsi olacaq. Bundan başqa, "STAR” zavodunun açılışı oldu. Bu layihə ilə Azərbaycan Türkiyəyə ən çox investisiya yatırmış xarici ölkədir. İnvestisiyanın həcmi 6 milyard dollardan çoxdur. Bunun Türkiyənin iqtisadi inkişafına çox böyük töhfəsi olacaq.

Daha möhtəşəm bir tədbiri xatırlatmaq istərdim. 15 sentyabrda Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad keçirildi. Türkiyə və Azərbaycanın ordusu 100 il əvvəl olduğu kimi o gün də birlikdə addımladı. Paradı qəbul edən, salamlayan hər iki ölkənin başçısı idi. Bu, dünya tarixində ilkdir. Bu, bizim qardaşlığımızın yüksəldiyi zirvə nöqtəsidir. Bu, tarixə özəl olaraq yazılan bir hadisədir. Bunların hamısı bizə qürur verir.

Cənab Prezident İlham Əliyevin Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafı üçün mühüm xidmətləri olmuşdu. Azərbaycan onun rəhbərliyi ilə atası, mərhum ümummilli lider Heydər Əliyevin açdığı yolda irəliləyərək dünyanın ən hörmət edilən, sözü dinlənilən ölkələrindən biri halına gəldi. Bu gün Azərbaycan mədəniyyət, idman, siyasət kimi bir çox fərqli sahələrdə mühüm tədbirlərə uğurlu şəkildə evsahibliyi edir. Bütün bunlar Azərbaycanın nail olduğu iqtisadi inkişafın təzahürüdür ki, o da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Onun sayəsində Türkiyə Azərbaycan münasibətləri "İki dövlət, bir millət” şüarına uyğun olaraq irəliləyərək bugünkü səviyyəsinə çatıb. Bu gün Azərbaycan Türkiyədəki ən böyük xarici investordur. İki ölkənin dövlət başçıları arasındakı dostluqdan biz də qürur duyur və bundan ilham alırıq.

Bir sözlə, bizim qardaşlıq münasibətimiz dünyaya nümunədir və bənzərini tapmaq çox çətindir...


Göründüyü kimi, ta uşaqlıqdan Azərbaycana sevgi ilə böyüyən Erkan bəy burada əvəzsiz xatirələrə sahiblənib. Onun fikrincə, aramızdakı fərqlilik və bənzərliklərə baxmayaraq iki ölkə dostluğu dünyada bir nümunə yaradıb. Ölkəmizdə özünü diplomatik missiyanı gerçəkləşdirən başqa ölkə vətəndaşı kimi deyil, elə bu millətin bir üzvü kimi hesab edən Erkan Özoral Azərbaycanın Qafqazın gündən-günə daha çox parıldayan ulduzu olacağına inanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top