Milyonluq dələduzluq cinayəti: prokuror hər iki şəxsə qarşı həbs cəzası istədi

HADİSƏ 08 yan 2019, 15:59
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində isə həbs qərarı verilməyib, o, hazırda azadlıqdadır.

Demokrat.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İlham Xıdırovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı ev dustaqlığında olan Nazim Mustafayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində həbs-qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.

İttihamda yazılır ki, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd ediblər, lakin həmin şəxsləri aldadıblar.

Bu cinayət işi üzrə Elxan Muradov 610 min zərər çəkib. Digər zərərçəkən şəxslər də var. Ümumi ziyan 1 milyona yaxındır. Elan edilmiş ittihamla hər iki şəxs özünü təqsirli bilməyib.

Məlum olub ki, zərərçəkmişlərdən biri Elxan Muradov biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və geri ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.

Qeyd edək ki‚ bu işin istintaqı zamanı təqsirləndirilən İ.Xıdırovun oğlu Samir Xıdırov Daxili İşlər Nazirliyinə müraciət edərək, digər zərərçəkmiş Elxan Muradovun “Tensar” şirkətində çalışdığını bildirib və mətbuata açıqlamasında əlavə edib ki‚ E.Muradovun qardaşı Etibar Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top