Nəsimidən əkişdirilən ağacları harada və necə “əkdilər” - Hadisə yerindən FOTOLAR

SOSİAL 03 yan 2019, 18:01
Nəsimi rayonu, 20 yanvar küçəsi 30 ünvanındakı ağacların bina tikintisi məqsədilə "yoxa çıxarılması” məsələsində hər ağızdan bir avaz gəlir.

Binanı tikən "Yaşam Residence"dan bildirilir ki, ağacların heç biri qırılmayıb, hamısı köçürülüb.

Köçürülməni həyata keçirən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə 2 ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsildiyi, qalanların isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürüldüyü qeyd edilib.

BakuPost-un əməkdaşı köçürülən ağacların necə əkildiyi ilə maraqlanıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən saytımıza köçürülən ağacların yeni məkandan fotoları təqdim edilib. Fotolardan görünür ki, ağacların yalnız gövdələri qalıb. Ümumiyyətlə, təqdim olunan fotolardakı ağacların Nəsimidən yoxa çıxan ağaclar olub-olmadığını qətiyyən bilmək olmur.

Bəs ağacların köçürülməsi proseduru necə həyata keçirilir? Qanunla bu, necə tənzimlənir?

Bununla bağlı BakuPost-un əməkdaşı qanunvericiliyi varaqlayıb.

"Yaşıllıqların götürülməsi Qaydası" Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.

Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:
 
- ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır.

Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4x2,4x0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);
 
- vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;
 
- sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;
 
- iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;
 
-  qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;
 
- ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.

Həmin fotoları təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top