Millət vəkillərindən Cavid Qurbanova TƏBRİK

GÜNDƏM 29 dek 2018, 13:55

Bu gün saat 9-da Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib. Sürət qatarının ilk yolçuları Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov, onun deputat həmkarları və eləcə də çoxsaylı jurnalistlər olublar. 

 

“Bakı-Gəncə” sürət qatarının yola düşməsi ilə bağlı Moderator.az-a açıqlamalarında hörmətli millət vəkillərimiz xalqımızı təbrik edib. 

 

Millət vəkili Fəzail Ağamalı sürət qatarının açılışını müsbət qarşıladı və bildirdi ki, o, özü də bu qatardan istifadə edəcək:

 

“Bakı-Gəncə qatarının açılışı çox ciddi hadisədir. Azərbaycan Dövlət Dəmir Yolları QSC-yə hörmətli həmkarımız Cavid Qurbanov sədr təyin edildikdən sonra bu sahədə olduqca ciddi dəyişikliklərin şahidi olduq. Bu gün dəmir yolu bütövlükdə sistem olaraq yenidən qurulmaqdadır və deyərdim ki, dünyanın ən yüksək səviyyəli dəmir yollarına uyğunlaşdırılır. Əminəm ki, bir neçə ildən sonra Azərbaycanın dəmir yollarında uzun illərdən bəri özünü göstərən problemlər tezliklə öz həllini tapacaq və bu ciddi infrastruktur kimi Azərbaycan xalqına xidmət edəcəkdir. Bir müddət öncə Bakı-Sumqayıt-Bakı elektrik qatarının yenidən qurulması və ora yeni vaqonların verilməsi əlbəttə Sumqayıt və Bakı arasında sərnişindaşımada öz ciddi töhvəsini verməyə başladı. Ötən il son dərəcə dövlətimiz üçün əhəmiyyətli olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının şahidi olduq. Əvvəldən Cavid müəllim dəmir yolunun çəkilişində iştirak edib, bu haqda məndə məlumat var idi. O, Azərbaycan Dövlət Dəmir Yolları QSC-yə rəhbər gəlmədən öncə dəmir yolarının təməli qoyulan andan orada əməyi olub. Görünür Allahın Cavid müəllimə böyük sevgisi varmış və tale elə gətirdi ki, o, bu quruma sədr təyin edildi və açılışında da iştirak etdi. Hesab etmək lazımdır ki, Cavid Qurbanov ölkə prezidenti tərəfindən dəmir yolları ilə bağlı qarşıya qoyulan məsələləri çox yüksək səviyyədə, peşəkarlıqla, dəqiqliyi ilə həyata keçirməkdədir. Nəhayət uzun zamandan bəri gözlədiyimiz Bakı-Gəncə sürət qatarının açılışı böyük əhəmiyyət kəsb edir. Sürət qatarının istifadəyə verilməsi ölkəmizin qərbində yaşayan  çoxsaylı vətəndaşlarımız üçün böyük bir sürprizdir. Hamımız bu qatardan istifadə edəcəyik. Mən özüm də bu istiqamətdə rayonlara gedirəm. Avtomobillə getmək adamı yorur, təyyarə reysi həftədə iki dəfə yola düşür və bu da kifayət deyil. Əgər biz yüksək səviyyəli sürət qatarında Gəncəyə gedəcəyiksə, bu çox böyük rahatçılıq olacaq. Ona görə də bu münasibətlə Cavid müəllimi və onun rəhbərliyi ilə bu işdə əməyi olan hər kəsi təbrik edirəm və arzu edirəm ki, sərnişinlərimiz bu qatardan ancaq xeyir işlər üçün istifadə etsinlər”. 

 

Millət vəkili Fazil Mustafa qeyd etdi ki, alternativ nəqliyyat vasitələrinin açılışı yollarda avtomobil yükünü də azaldacaq:

 

“Əlbəttə Bakı-Gəncə sürət qatarının açılışı çox müsbət bir haldır. Alternativ nəqliyyat növlərinin artması çox böyük bir şeydir. Hesab edirəm ki, bu istiqamətdə Cavid Qurbanov verdiyi sözü tutdu və qısa müddətdə verdiyi sözə nail oldu. Bu uğurlu bir addımdır və hələ Gəncəyə gündəlik təyyarə reyslərini də bərpa etmək lazımdır, çünki Azərbaycanın ikici böyük şəhəridir. Nə qədər çox alternativ nəqliyyat vasitələri olsa, o qədər də əhalinin işi yüngülləşər və həm də yollarda çox sayda avtomobilin azalmasına da səbəb ola bilər. Bunun həm də rahat rahat şəkildə yollarda avtomobil yükünün aşağı enməsinə faydası olacaq. Sürət qatarı Gəncə əhalisi və Gəncəyə gedən insanları daha asanlıqla mənzil başına çatdıracaq və bu həm də Bakı və Gəncə arasında inteqrasiyanı gücləndirəcək”. 

 

Millət vəkili Çingiz Qənizadə də bildirdi ki, sərnişinlər bununla da tam təhlükəsiz nəqliyyat vasitəsindən istifadə edəcəklər:

 

“Ümumiyyətlə, son illərdə dəmir yolu sahəsində çox böyük uğurlu işlər gedir və bu davam edir, köhnə xətlər təzələnir, yeni qatarlar gətirilir. Eyni zamanda müxtəlif layihələr də təqdim olunur. Hesab edirəm ki, bütün  uğurlu layihələrin reallaşdırılması cənab prezidentin istəyilədir, amma bu layihələri ortaya çıxaran və problemləri həll edən Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri hörmətli Cavid Qurbanovdur. C.Qurbanov ümumiyyətlə işləyən, dövlətinə, xalqına bağlı olan insandır. O, hansı sahədə olursa-olsun, orda biz yeniliyin şahidi olmuşuq. Azərbaycan Dövlət Dəmir Yollarında da yığılıb qalan problemlərin Cavid müəlllim təyin olunandan sonra aradan qaldırılmasının şahidiyik. Əsas odur ki, insanlarımız rahat və təhlükəsiz nəqliyyat vasitəsindən istifadə edəcəklər. Bu sahədə görülən işləri alqışlayıram, Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyinə uğurlar arzulayıram və arzu edirəm ki, bizi neçə-neçə yeni layihələrin reallaşdırılması ilə sevindirsinlər”.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top