"Əli Kərimli Şəhidlər Xiyabanına icazəsiz yürüş edib" - Deputat Fərəc Quliyev

GÜNDƏM 18 noy 2018, 13:55

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev ötən gün Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında baş verən qarşıdurmadan danışıb. 


F.Quliyev Demokrat.Az-a açıqlamasında bildirib ki, Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanına mütləq yürüş etməyə ehtiyac yox idi:


"Misal üçün, Əli Kərimli partiya üzvlərinə deyə bilərdi ki, gəlin Şəhidlər Xiyabanında görüşək və sairə. Gedib çox rahat şəkildə Şəhidlər Xiyabanını ziyarət edib geri qayıdardılar. Heç kəs də onlara bir söz deyə bilməzdi. Daha bunun üçün yürüş etmək lazım deyildi. İndiyədək Şəhidlər Xiyabanını ziyarət edən heç kəsə mane olmayıblar. Amma burada faktiki olaraq icazəsiz yürüş etmək cəhdləri var. Əgər hansı bir istiqamətə yürüş olursa, bunun üçün əvvəlcədən müvafiq qurumlardan icazə alınmalıdır. Bu qanunun tələbidir. Əli Kərimli isə heç yerdən icazə almadan kütləvi tədbir keçirib. Təbii ki, müvafiq qurumlar da məsələdən xəbərdar olmadığı üçün bunun qarşısını alıblar. Yenə deyirəm, əgər məqsəd doğrudan da şəhidləri ziyarət etmək idisə, bunu Şəhidlər Xiyabanında görüşüb etmək də olardı. Bunun çox rahat yolu vardı. Sadəcə üzvlərə bəyan edilməli idi ki, biz filan saatda Şəhidlər Xiyabanında olacağıq. Bununla onlar çox rahat şəkildə Şəhidlər Xiyabanını ziyarət edə bilərdilər. Nümunə üçün mən sabah gedib Şəhidlər Xiyabanında partiya üzvlərimlə görüşüb ziyarət etsəm, heç kəs mənə mane olmayacaq. Əli Kərimli də bunu edə bilərdi, amma etmədi. Çünki onun məqsədi şəhidləri ziyarət etmək deyildi".


Deputat deyib ki, Əli Kərimlinin burada məqsədi heç də Şəhidlər Xiyabanını ziyarət etmək olmayıb:


"Əsl məqsəd qarşıdurma yaratmaq, gündəmə çıxmaq, hər hansı məsələ ilə bağlı konkret təkliflər verməmək və sairə idi. Ümumiyyətlə, indiyədək ortaya bir dənə belə konsepsiya qoya bilməyən bu adamlar gündəmə gəlmək üçün bu cür yollara əl atırlar. Bunlar insanları aldatmaqla, döydürüb söydürməklə, yoldan çıxartmaqla gündəmdə qalmaq istəyirlər. Bir neçə il bundan əvvəl də buna bənzər hallar olmuşdu. O zaman da tələbələri aldadıb, öz oyunlarına qurban vermişdilər. Yalandan tələbələrə vəd etmişdilər ki, universitetlərdən qovulsanız da küçələrə çıxın, biz sizi Qərb dövlətlərinin universitetlərinə düzəldəcəyik və sairə. Sonradan həmin uşaqların xeyli sayda valideynləri məndən üzrxahlıq edib xahiş etdilər ki, övladlarını universitetlərə bərpa etməyə kömək edim. Bu bir daha göstərir ki, AXCP funksionerləri adamları aldadaraq küçələrə çıxarırlar, döydürüb söydürürlər və bununla da gündəmdə qalmaq istəyirlər. Bununla da xaricdən aldıqları qrantlarını təmin etməyə çalışırlar".


Zaur Hacılı
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top