"Fransa Ermənistana dəstək verməyə davam etsə, bu ölkə ilə əlaqələrimiz ciddi sınağa çəkilə bilər" — Deputat

GÜNDƏM 24 okt 2018, 21:05

"Etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçıları Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər ediblər. Eyni zamanda 30 ildən artıqdır erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşblua qondarma Dağlıq Qarabağ rejmi ilə intensiv təmaslar qurmağa başlayıb. Bütün bunlar bir sıra nəticələrə gəlməyə əsas verir”.


Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.


Deputatın sözlərinə görə, Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejim ilə təmasları ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır:


"Bu addımlar ümumən radikalizm, ekstrimizm və terrorizmlə yanaşı eyni zəncirin mühüm həlqəsi olan separatizmin təbliği və təşviqi anlamındadır. Belə siyasət ilk növbədə ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının "tüstüləndiyi” Fransanın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər. Qeyd edilən qeyri-qanuni hərəkətlər, o cümlədən Fransadan olan merlərin qondarma Dağlıq Qarabağ separatçıları ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları "dostluq xartiya”ları nəticə etibarilə Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir. 

Məsələyə bu konteksdə yanaşıldıqda ulu öndər Heydər Əliyevin dövlət başçısı olaraq ilk rəsmi səfərinin 1993-ci ilin dekabr ayında məhz Fransaya olması əslində rəsmi Bakının Parislə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verməsinin bir təzahürü kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, cənab İlham Əliyev də Prezident olaraq ilk rəsmi səfərlərinə 2014-cü ilin yanvar ayında məhz Fransadan başlayıb. Ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilib. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilib. Bakı-Fransız Litseyi, Azərbaycan-Fransız Universitetləri açılıb. Bu və digər faktlar Azərbaycanın Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu təsdiqləyir. Təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu dövlətinin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqrımın yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır”.


Deputatın fikrincə, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cizdığı çevrədə "rəqs edən” bu üzdəniraq siyasətbazların qanunazidd davranışı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir:


"Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir. İndiki halda isə Fransanın səlahiyyətli təmsilçilərinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyidir. Əks halda necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış "Fransa-Ermənistan dostluq qrupu”na deyil, eyni zamnada eyni çərçivədə fəaliyyət göstərən "Fransa-Dağlıq Qarabağ” dostluq qrupuna da rəhbərlik edə bilib. 

Sadaladığımız reallıqların məntiqindən qaynaqlanaraq Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi təxribatçı əməllərə qarşı həyəcan təbili çalmalıdır. Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə "hər yerdə və hər zaman prinsipi ilə aparılmalıdır”. "Yaxşı” və "pis” separatçıya bölgü prinsipi qəbuledilməzdir. Əks halda bir tərəfdə sivil dünya digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində ikincilərin mənafeyinə xidmət edir”.


E.Nəsirovun sözlərinə görə, Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq Dağlıq Qarabağda separatizmi dəstəkləyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməlidir: 


"Eyni məntiqdən qaynaqlanaraq Fransa dövləti ərazisində özünü mühacir kimi təqdim edən bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə zorakılığa, terrorçuluğa və separatizmə çağırışlar etməsinə imkan verməməlidir. Bu istiqamətdə həm də öz milli maraqlarından çıxış edərək hüquqi müstəvidə adekvat addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən məhz belə davranış tərzi gözləyir. Əks halda, dəyəri 2 milyard avro səviyyəsinə çatan iqtisadi-biznes əlaqələrimiz, geniş humanitar əməkdaşlığımız, enerji təhlükəsizliyi sferasında təmaslarımız, bir sözlə məhsuldar ikitərəfli və çoxtərəfli münasibətlərimiz ciddi sınağa çəkilə bilər. Düşünməyə dəyər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top