Azərbaycandan İrana müalicəyə gedən xəstənin şok əməlləri — Cinayət İŞİ

KRİMİNAL 11 apr 2020, 10:33

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Beyləqan rayon sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəxtiyar Əliyev 22 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində ibtidai istintaq orqanı tərəfindən konkret olaraq müəyyən edilməmiş mənbədən iki ədəd polietilen bükümün hər birində 50,0 ədəd olmaqla, ümumilikdə 100 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olmaqla külli miqdar təşkil etmiş, üzərilərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə olan metadon həblərini qanunsuz olaraq əldə edib.


O, həmin bükümlərdə ayaqlarına geyindiyi corabların hər iki tayının içərisində ayrı-ayrılıqda yerləşdirib və yanvarın 23-də saat 13 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun piyada keçid xəttindəki Azərbaycan Respublikası ərazisinə keçib.


Həmin tarixdə gömrük nəzarəti üzrə Bəxtiyar Əliyevin üzərində şəxsi yoxlama keçirilərkən həmin narkotik vasitələr sonuncunun qeyd olunan gizlətdiyi yerdən aşkar edilib.


İstintaq orqanı tərəfindən Bəxtiyar Əliyevin barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.


Bəxtiyar Əliyev bildirib ki, narkotik vasitələr olan heroin və metadondan istifadə edib: “Əvvəllər şəxsi istifadəm üçün metadonu Azərbaycan Respublikasında qadağan olunduğundan çətinliklə əldə etmişəm. Bu səbəbdən bir neçə dəfə İran İslam Respublikasına gedərək asan və ucuz qiymətə əldə etmişəm. Son vaxtlar narkotik vasitələrdən istifadə etməmək üçün İran İsıam Respublikasında olunduğum müalicələrin müsbət nəticəsi olub. Bu barədə həmkəndlim Ehtiram  Hüseynova demişəm”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cui il yanvarın 2-də Ehtiram hüseynovu vərəm xəstəliyindən müalicə olunması üçün İran İslam Respublikasına aparıb, sonra Azərbaycana qayıdıblar: “Yanvarın 22-də Etiramla İran İslam Respublikasının Biləsuvar şəhərinə getdik. Zəruri ərzaq məhsulları aldıqdan sonra sonuncuya başqa işimin olduğunu deydim, bir qədər kənarda görüşdüyüm və adını bilmədiyim taksi sürücüsündən mənə metadon həbi gətirməsini xahiş etdim. Sonuncuya mənimlə razılaşdığına görə metadon həbləri almam üçün 100,000 manat məbləğində pul verdim. Həmin gün təxminən 10-15 dəqiqə sonra taksi sürücüsü geri qayıdaraq mənə hər birində 10,0 ədəd olmaqla 10,0 kanvalitdə qablaşdırılmış cəmi 100,0 ədəd metadon həbi verdi. Həmin həbləri Azərbaycan ərazisinə gömrük nəzarətindən gizli keçirmək məqsədilə qablaşdırıldığım kanvalitlərdən açdım və sonra iki ədəd polietilen bükümdə hər birində 50 ədəd olmaqla qablaşdırdım. Onları ayaqlarıma geyindiyim corabların hər iki tayının içərisində yerləşdirdim. Bundan sonra Ehtiramın yanına gəldim. Lakin sonuncuya metadon həbləri aldığım və üzərimdə saxladığım barədə məlumat vermədim”.


Bəxtiyar Əliyev qeyd edib ki, yanvarın 23-də, saat 12-13 radələrində əvvəlcə Ehtiram, sonra isə özü Biləsuvar Gömrük Postunda gömrük nəzarətindən keçib: “Ehtiram gömrük nəzarətindən keçdikdən sonra Biləsuvar Gömrük Postunun qarşısında məni gözlədi. Gömrük nəzarətindən keçərkən gömrük əməkdaşının sualına cavab olaraq üzərimdə və əl yükümdə qanunsuz hər hansı bir əşya, o cümlədən narkotik vasitə olmadığını dedim. Gömrük əməkdaşı üzərimdə şəxsi yoxlama aparılacağına görə müvafiq otağa apardı. Orada iki nəfər hal şahidinin iştirakları ilə üzərimə baxış keçirilərkən ayaqlarıma geyindiyi corabların hər iki tayının içərisindən ayrı-ayrılıqda 50,0 ədəd olmaqla, iki ədəd polietilen bükümdə qablaşdırdığı cəmi 100,0 ədəd metadon həbi aşkar edildi. Ehtiramın həmin narkotik vasitələrə aidiyyəti olmayıb. Üzərimdə metadon aşkar edilərkən Ehtiramın müharibə vetranı olduğunu bildiyim üçün və gömrükçülərin buna görə Ehtiramı bağışlayacaqlarını hesab edərək həmin vaxt həblərin Ehtramın olduğunu demişəm”.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Bəxtiyar Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Bəxtiyar Əliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda hakim heyəti yekun qərarını açıqlayıb.


Qərara görə, apelyasiya şikayəti təmin olunub. Bəxtiyar Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.


Bəxtiyar Əliyev Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinib və onun cəzası 4 ilə endirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top