Səhər kimi adam — 65 yaşlı Qulu Məhərrəmli haqqında DÜŞÜNCƏLƏR

MARAQLI 02 noy 2019, 14:35
Bu gün Azərbaycan telejurnalistikasının inkişafında əvəzsiz rolu olan, Əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür.
 
Onunla tanışlığımın dəqiq tarixini yadıma sala bilmirəm. Məncə bunun elə də əhəmiyyəti yoxdur. Çünki elə adamlar var ki, harda, nə zaman, necə tanış olmağından asılı olmayaraq, doğmalıq təsiri bağışlayır adama. Sözündən, söhbətindən, gülüşündən, bircə baxışından, hətta cümlə quruluşundan belə doğmalaşan insanlar var həyatda. Qulu Məhərrəmli də elə həmin qəbildən olan insanlardandır. Sadə, pozitiv, öyrətməkdən usanmayan, vicdanlı, qərəzsiz, dedi-qodusuz, umu-küsüsüz bir insandır Qulu Məhərrəmli. Bunu təkcə mən demirəm. Onu tanıyan hamıdan bu sözü eşitdim. Bu gün 65 yaşını tamamlayan Qulu Məhərrəmli haqqında onun dostları, tələbələri təəssüratlarını BakuPost-la bölüşdülər.
 
 
“Onu hər zaman dinamik və hərəkətdə görmüşəm”
 
525-ci qəzetin baş redaktoru Rəşad Məcid: “Qulu Məhrəmlini uzun illərdir ki, tanıyıram. Onunla ilk dəfə yaxınlıqdan tanışlığımız 1998-ci ildə 23 gün Amerika səfəri zamanı baş tutub. Həmin səfər boyu Amerikanı gəzə-gəzə media qurumları, təşkilatları ilə görüşə-görüşə, həm də Qulu Məhərrəmlini yaxından tanıyırdım, gözəl jurnalist, jurnalistika üzrə alim, publisist, eyni zamanda gözəl səfər yoldaşı, gözəl insani keyfiyyətlərini Qulu müəllimdə kəşf edirdim. Aradan keçən 20 ildən artıq müddətdə də onu hər zaman dinamik və hərəkətdə görmüşəm. Olduqca pozitiv bir insandır”.
 
 
 
“Azərbaycan televiziya tarixində bir epoxadır”
 
Jurnalist İlham Tumas: “Qulu Məhərrəmli ilə tanışlığımız illər əvvələ təsadüf elədi - özü də Dövlət Televiziyasında. Müdirim idi, ancaq onunla müdir-müəllif münasibəti qurmaq mümkün deyil. Yəni, özü buna imkan verməz. İşi elə qurar ki, müdir nədi, ona dünyaların şefi kimi baxmağa məcbur olarsan. Təbii ki, ziyalılığı, səmimiyyəti, sözü üzə deməyi, sərtliyi olduğu qədər də, yumşaqlığı, əlqərəz ADAMlığı olduğu üçün səni ofsunlayar. Qulu Məhərrəmli Azərbaycan televiziya tarixində bir epoxadır. Və bu epoxada biz də olduğumuz görə, özümü xoşbəxt hesab edirəm. Doğum günün qutlu olsun, professor!”
 
 
 
“İmzası bütün kəlmələrin fövqündədir”
 
Jurnalist Ramilə Qurbanlı: “Ustad, dost, yoldaş, adam kimi adam, nümunə. Əslində elə USTAD kəlməsinin özündə sadaladıqlarımın da hamısı ehtiva olunur. O qədər insan qıtlığı yaşayırıq ki, birini tapanda vəsf etməyə söz tapmırıq, çünki sözləri də yersiz, yanlış ünvanlara çox işlədib urvatdan salmışıq. Son illər bu qənatdəyəm ki, hər kəsin öz adı və soyadı onun kimliyinin ən bariz göstəricisidir. Bu baxımdan Qulu Məhərrəmli-imzası özü onun haqqında deyiləcək bütün kəlmələrin fövqündədir. Allah onu bizlərə çox görməsin. Həmişə belə sevimli qala bilmək hər kəsə qismət olan bəxtəvərlik deyil. Belə də qalsın. Onu çox sevirik!”
 
 
 
“Bizə “Səhər” verdi”
 
Şair-publisist Əkbər Qoşalı: “Qulu müəllimi əsasən AzTV-də çalışdığı illərdə yaxından tanımışam. Təsəvvür edin, günün hansı vaxtı zəng etməyimdən asılı olmayaraq, mən və mənimlə bərabər yazar dostlarımın “Səhər” proqramına çıxıb, öz fikirlərimizi paylaşmağımıza, yeniliklərimizi bölüşməyimizə şərait yaradırdı. Minnət qoymaq nədir, səsində soyuqluq hiss elətdirmək nədir, “bu mənim bor-cumdurmu, nə üçün etməliyəm?” havası nədir? Qulu müəllimin səsində-sözündə, rəftarında heç tərəddüd hiss etməzdik. Həmişə istiqanlılıq göstərər, həmişə paylaşılmağa uyğun vaxt, imkan tapardı Qulu müəllim. O istiliyi, məhəbbəti, o güvəni unutmadığımızı bir daha bildirmək istərdim. Qulu müəllimin həyat yoldaşı Zemfira xanımı, qardaşı Vahid müəllimi də, Qulu müəllimin öyrəncilərini də eyni xeyirxahlıqda, eyni ziyalılıqda görmüşük. Əlbəttə, bu qədər təsadüf olmaz; demək, burda təvafüqlük vardır. Doğum gününüz mübarək olsun, Qulu müəllim! Möhkəm can sağılığı, yaradıcılıq uğurları diləyirəm!”
 
 
 
“Hər kəsin içində mənə dedi, universiteti bitirib get bu ölkədən”
 
Jurnalist Vüsal Qarayev (tələbəsi): “Qulu müəllim universitetdə ən hörmət etdiyim müəllimlərimdən idi. Onun mənə dediyi bir sözü heç vaxt unuda bilmirəm. Tələbələr, müəllimlər, dekan, nəyəsə görə toplanmışdıq. Qulu müəllim hər kəsin içində mənə dedi, universiteti bitirib get bu ölkədən, sən bura aid deyilsən, burda məhv olarsan. O zaman anlaya bilməmişdim tam. İndi hər şey aydındır. Uzaqgörənlik edib müəllim. Gözəl insan, vicdanlı, peşəkar jurnalist...”
 
 
 
“Məni televiziyaya ilk gətirən, gün üzünə ilk çıxaran adamdır”
 
Jurnalist Cəlalə Nəzəroğlu (tələbəsi) : İlk dərs günü məni görəndə anidən duruxdu. Hər dəfə üzümə baxanda fikri qarışırdı
Bir-iki dərs belə davam elədi. Sonra dəhlizdə mənə yaxınlaşdı. Məni kiməsə bənzədiyini dedi. Bənzətdiyi adam onun tələbə yoldaşı, mənim anam Azadə xanım idi. Onlar tələbə vaxtı ayrı fakültələrdə oxusalar da, bəzi dərslərdə birləşirmişlər.
Qulu müəllim mənim əlimdən tutub televiziyaya gətirən, mənə ilk qapını açan, məni gün üzünə ilk çıxaran adamdır”.
 
Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Azərbaycan televiziyasına göndərilib.
 
Televiziyanın müxtəlif redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb. 1995-ci ildə televiziyanın siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda "Səhər" musiqili-informasiya proqramına da rəhbərlik edib.
 
Qulu Məhərrəmli "7 gün" analitik-informasiya proqramı (1993-1995), "Təfsilat" (1995-1997), "Gerçəklik" (1997-2002) müəllif verilişləri, eləcə də ekrandakı və mətbuatdakı publisistik çıxışları ilə ictimaiyyətin rəğbətini qazanıb.
 
O, 20-yə yaxın sənədli televiziya filminin müəllifidir. Qulu Məhərrəmli elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.
 
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimidir. Jurnalistikanın tarixi, nəzəriyyəsi və təcrübəsinə dair 30-a yaxın kitabın müəllifidir.
 
Ölkənin ictimai həyatında fəal iştirak edən Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Hazırda "Jurnalistikanın inkişafına yardım" Fondu Qeyri-Hökumət Təşkilatının sədridir. Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilib.
 
Ailəlidir, iki övladı və iki nəvəsi var.(Baku Post)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top