"Bir insanın mövqeyi yalnız o vəzifədə olanda yox, bütün hallarda olmalıdır" - YAP-çı deputat

GÜNDƏM 07 sen 2019, 23:31

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.

 

 “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində hakim partiyanın funksioneri bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər:

 

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, - S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.


Modern.az  söylənilən fikirlərlə bağlı YAP rəsmisi, Siyavuş Novruzovun partiya həmkarı, deputat  Aydın Mizəzadə ilə əlaqə saxlayıb.

 

Aydın Mirzəzadə deyir ki, siyasətə münasibəti yalnız vəzifədə olanda bildirmək olmaz:
 

“Partiya həmkarım çox vacib bir məsələyə toxunub. Bizdə vaxtilə yüksək vəzifədə işləmiş, ölkənin siyasi elitasına daxil olan, ulu öndərin və prezidentin böyük etimad göstərdiyi insanlar var. Həmin dövrlərdə o insanlar vəzifələri ilə yanaşı, siyasi proseslərdə də iştirak ediblər. Ancaq bu gün kənara çəkilib heç bir məsələyə münasibət bildirməmək düzgün deyil. Bu baxımdan həmkarım çağırış edərək bildirir ki, “Siz zamanında ölkənin taleyini həll edənlərdən olmususnuz, neytral ya da  müxalif olmamısınız”. 

 

Bir YAP nümayəndəsi kimi bildirirəm ki, bir insanın mövqeyi yalnız o vəzifədə olanda yox, bütün  hallarda olmalıdır. 

 

Bu baxımdan çağırış edərək, sabiqlərin siyasi proseslərə mövqe bildirməsini istəyirik. Daha biz demirik ki, televiziya kanallarında ya da saytlarda polemikaya girsinlər ya da təbliğatçı rolunu oynasınlar. Sadəcə, vaxtaşırı onlar mövqelərini bildirsinlər. Vaxtilə həmin şəxslərə yüksək  etimad göstərilib. Düzdür, hamısı belə deyil, mövqe sərgiləyənlər də var. Lakin istərdik onların hamısı baş verən hadisələrə münasibət bildirsinlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top