Azərbaycanın bu rayonu barama tədarükünə görə birinci oldu — FOTOLAR

Prezident cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda diqqət mərkəzində saxlanılır.


Rayon ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan tapşırığı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 48 tondan çox barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.


Baramaçılıq xüsusilə 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilmişdir. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 24.4 ton,  2018-ci ildə 37.5 ton yaş barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəddən çox tut tingi əkilibdir.


Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram yaş baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri 2017-ci ildə ildə barama istehsalından 230 min manat, 2018-ci ildə 340 min manat  gəlir əldə etmişdilərsə, cari ildə bu sahədən 450 min manat gəlir götürülməsi nəzərdə tutulur. İpəkçiliyin inkişaf etdirilməsinin hesabına rayonda minlərlə məcburi köçkün mövsümü işlərə cəlb olunmaqla məşğulluqları təmin olunmuş, həyat səviyyələri yüksəlmişdi.


Rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.

12 İyun 2019, 16:44   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin