Yazıçılar Birliyi və “Yeni Müsavat” bir-birinə girdi - QALMAQAL

HADİSƏ 28 may 2019, 13:38
Azərbaycan Azərbaycan Yazıçılar Birliyi ilə "Yeni Müsavat” qəzeti arasında qalmaqal baş verib.
 
Bakupost.az-ın məlumatına görə, qəzetin tanınmış köşə yazarı Zamin Hacının "İsti otağın yazıçıları” adlı yazısı AYB rəhbərliyinin hiddətinə səbəb olub. 
 
Qurum "Yeni Müsavat” qəzetinin və rəhbərliyinin ünvanına sərt bəyanat yayıb.
 
AYB-nin yaydığı bəyanatdan: "Yer tutsalar da köhnə qəzetləri saxlamağın faydası varmış. 2003-2005-ci illərin "Yeni Müsavat” nüsxələrinə baxdıqca gözlərinə inanmırsan. İndiki iqtidar, hazırda da iş başında olan məsul şəxslər barəsində ən çirkin yazıların altında 2019-cu ildə də bu qəzetdə gen-bol çap olunanların imzalarını görəndə mat qalırsan. İnsanın da bu qədər sifəti olar?Amma onu da düşünürsən ki, bu həmin adamların sifətləri deyil, üzlərinə taxdığı maskalardır. Simasız sifətlərə bir gün hiddət, etiraz maskası, başqa gün məddahlıq, yaltaqlıq maskası taxmaq çətin iş deyil. Əlimizin altında olan qəzetlərdən konkret adlar çəkmək istəmirik. Danos vermək bizim adətimiz deyil...”.
 
Qurumun bəyanatında qəzet rəhbərliyi dəfələrlə mövqeyini dəyişməkdə ittiham edilir: ""Yeni Müsavat” qəzetinin mövqeyi dəfələrlə dəyişsə də, bir məsələdə – yazıçılara qarşı səlib yürüşündə sabit qədəmdirlər. Yazıçılar Birliyinə pataloji, daha doğrusu, zooloji nifrətləri daimidir. Zooloji sözü təsadüfi deyil. Çünki yalnız şüursuz məxluq hədəf seçdiyini didib-parçalamağa hazırdır. "Yeni Müsavat”ın siyasi dişləri çıxarılandan sonra protezlə Yazıçılar Birliyini dişləməyə rüsxət verilib və bu fürsət vaxtilə şairlik iddiasına düşən bir uğursuza həvalə olunub”. 
 
AYB rəhbərliyinin yaydığı bəyanatda köşə yazarı Zamin Hacı da kəskin tənqid edilib: "Əgər bütün "yaradıcılıq fantaziyası” məşhur romanın adını və qəhrəmanlarını hallandırmaqdan uzağa getmirsə, belə bir qrafomandan öz üsulu və diliylə desək, "şair qayırmaq” çətindir. Odur ki, baş tutmamış "şairliyinin” qisasını bütün başqa əhli-qələmlərdən çıxır. Nədən yazır-yazsın, hər sicilləməsində hökmən Yazıçlar Birliyi barədə səfeh bir atmaca atmalıdır. Bu gic-gic sözlərə əhəmiyyət vermirik və cavalandırmırıq. Amma elə yalanlar və təhqirlər var ki, onları cavabsız qoymaq belələrini qudurdar”.
Yazıçılar Birliyinin bu sərt ifadələrlə dolu bəyanatına "Yeni Müsavat” rəhbərliyinin cavabı da özünü çox gözlətməyib. 
 
Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib ki, AYB-nin bu mövqeyi onu həm məyus edib, həm də təəccübləndirib: "Əvvəla, həm Yazıçılar Birliyi, həm də "Yeni Müsavat” qəzeti yaradıcı insanların toplaşdığı təşkilatlardır. Normal tənqidi ruhlu bir açıqlama yazıb, elə bizim redaksiyaya yollaya bilərdilər, biz də məmnuniyyətlə o açıqlamanı çap edərdik. Bunca qəzəbə, nifrətə, təhqirə nə hacət vardı, açığı anlamıram. İkincisi, yaxşı olardı ki, köşə yazarımızın toxunduğu məsələylə bağlı AYB rəhbərliyindən kimsə "Yeni Müsavat”a danışardı. Baxmayaraq ki, bu məsələ ictimailəşəndə biz AYB-nin mətbuat katibini canlı yayına dəvət etmişdik. O, bizim təklifi rədd etmişdi. Bunların heç birini etməyib, başqa bir KİV-də ünvanımıza hədyanlar yazmaq, nə AYB-nin, nə də onun hörmətli sədrinin adına layiq deyil. AYB bütün sivil və məqbul variantları bir kənara qoyub, ən sonuncu varianta əl atdı – bizə iradını təhqir və söyüşlə bildirdi”.
 
A.Ayxan sözlərinə görə, AYB elə reaksiya verib, sanki deyilənlər yalandır: "Obyekt icarəyə verilib, Allah bazar versin, ordan aldıqları para halalları olsun, sözümüz və gözümüz yoxdur. Sadəcə, bilinəndə ki, həmin obyekti icarəyə götürənlər oranı uyğun profil üzrə istifadə etmirlər, o zaman cəmiyyətdən etirazlar, qınaqlar gəlməyə başladı. Çox yazıldı bu barədə. Amma nədənsə AYB hamını bir kənara qoyub, "Yeni Müsavat”ı hədəf seçdi. Görünür, bu, Anar müəllimin bizə "xüsusi” münasibətindən irəli gəlir. Oğlun yaşda insanlarla savaş, dalaş. Ömrün, həyatın bu cür mənasız intriqalarla keçsin. Səni tənqid edənlərə qarğış et, nifrin yağdır. Bəlkə bir dəfə də başqa yolu sınaqdan keçirəsiniz? Məsələn, sizi tənqid edən yazarı çağırıb danışasınız, ona müsahibə verəsiniz, bərabər çay içəsiniz? Söyməyə, pisləməyə, bəd dua etməyə nə var ki...”
 
Azər Ayxan deyib ki, sözügedən açıqlamada Anar Rzayevin qələminin izləri var: "Ya özü yazıb, ya da hazır materialın üstündə ciddi şəkildə işləyib, onu təhqirlə, kinlə, nifrinlə "zənginləşdirib”. Anar müəllim fərqli fikrə, tənqidə çox dözümsüzdü. Bunu bəzən onun yaşı ilə əlaqələndirirlər. Məncə, belə deyil. Gəncliyində də belə olub deyilənə görə. Bir qələm adamının, AYB sədrinin başqa qələm adamları ilə bu cür rəftarı xoşagəlməzdir. Sən 30 ildən çox eyni postda otur, sədr ol, bir təsərrüfata rəhbərlik et, danış, yaz, poz, sonra de ki, kimsə məni ələşdirməsin. Barəmdə tənqid yazmasın, rəhbərlik etdiyim təşkilata "gözün üstə qaşın var” deyilməsin. Özümüzü bir də Anar müəllimin qəzəbindənmi qoruyaq?!”
 
Qəzet rəsmisinin sözlərinə görə, "Yeni Müsavat”ın AYB ilə normal münasibətləri olub: "Rauf Arifoğlu ən prinsipial məqamlarda Anar müəllimi ciddi və açıq şəkildə müdafiə edib. Bir neçə il bundan əvvəl onun mərhum yazıçı Şamo Ariflə bir davası vardı. Şamo Arifin növbəti açıqlamasını "Yeni Müsavat” qəzeti də dərc etmişdi. Həmin ərəfədə Rauf bəy xaricdə idi, o yazı çıxandan bir-iki gün sonra Bakıya gəldi. Şəxsən mənə Anarın əleyhinə o cür yazı verilməsinə görə iradını bildirdi. Hətta bu məsələ ilə bağlı özünün açıqlaması oldu, Anarı müdafiə etdi. Görünür, Anar müəllim yaxşılığı tez unudan insan tipidir. İnanıram, bunu oxuduqdan sonra bizə qarşı ədalətsizlik etdiyinin fərqində olacaq”
 
A.Ayxan yazıçı Anarın bir neçə prezidentlərlə işləməsinə də tənqidi yanaşıb: "Vəzirov, Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev. 5 prezidentlə işləyib, vəzifəsini, biznesini qorumaq sizcə, boş-boşunadırmı? Görünür, Anar müəllim iqtidarların hamısına yarınıb və onlardan yararlanıb. Sonra da deyirlər, ziyalıyıq. Ziyalı dediyiniz nədir? Ziyalı o deyil ki, övladlarını vəzifəyə qoyasan, onlara gün-güzəran, biznes qurasan, ömürlük sədr olasan və sair. Ziyalılığın, aydınlığın əsas şərti odur ki, cəmiyyətin, xalqın mövqeyini öz mövqeyindən üstün tutacaqsan. Ailəndən, övladlarından başqa kimsəni düşünmə, sonra da de ki, mən ziyalıyam. Oğlun yaşda insanlarla savaş, dalaş. Ömrün, həyatın bu cür mənasız intriqalarla keçsin. Səni tənqid edənlərə qarğış et, nifrin yağdır. Bəlkə bir dəfə də başqa yolu sınaqdan keçirəsiz? Məsələn, sizi tənqid edən yazarı çağırıb danışasız, ona müsahibə verəsiz, çay içəsiz? Söyməyə, pisləməyə, bəd dua etməyə nə var ki...”.  
 
A.Ayxan bəyanatı dərc edən "525-ci qəzet”ə və baş redaktor Rəşad Məcidə də irad bildirib. Onun sözlərinə görə, "525”-də belə bir yazının getməsi yolverilməzdir: "Ona görə yox ki, Rəşad bəy bizim dostumuzdur, həmkarımızdır. Bu, təkcə dostluq münasibətləri prinsipinə yox, eyni zamanda media prinsiplərinə də ziddir. Orda ən azı bizim də fikrimiz, paralel olaraq mövqeyimiz dərc olunmalıydı. İnanmıram ki, Rəşad Məcid haqda o cür fikirləri biz "Yeni Müsavat” qəzetində və ya musavat.com saytında dərc edər, yayardıq. Dostluğumuz, yoldaşlığımız, həmkarlığımız, ən əsas da peşəkarlığımız buna imkan verməzdi. Üstəlik, Rəşad Məcid də, Rauf Arifoğlu da Mətbuat Şurası İdarə Heyətinin üzvləridir və onların birinin digəri barədə öz qəzetində belə yazı dərc etdirməsi heç bir etika, media normalarına sığmır”.
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top