"Ağac kəsilməsinə hər zaman qarşı çıxmışam" — "Prezidentin tapşırıqlarına əməl olunmalıdır"

SOSİAL 11 apr 2019, 16:32

Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev Bakının müxtəlif rayonlarında ağacların kəsilməsindən danışıb. 


İbrahim Mehdiyev Demokrat.az-a açıqlamasında bu cür hallara yol verən icra başçılarını və digər şəxsləri qınayıb. 


İbrahim Mehdiyev icra başçısı işlədiyi dövrlərdə heç zaman ağac kəsmədiyini bildirib:


"Mən istər Xətaidə, istər Yasamalda işləyən zaman ağac kəsilməsinə hər zaman qarşı çıxmışam. İmkan verməmişəm ki, ağac kəsilsin. Özüm də maksimum çalışmışam ki, ağacların sayı çoxalsın. Bilirsiniz ki, digər rayonlarla müqayisədə Yasamal rayonunda çox sıxlıq var. Yəni, bu rayonda yaşıllıq azdır. Ancaq mən çalışmışam ki, Yasamalda yaşıllıqları qoruyub saxlayım. Mən icra başçısı olmamışdan öncə 17 il direktor işləmişəm. Bundan əvvəl isə 18 il istehsalatda çalışmışam. Fəhləlikdən böyük müəssisə direktor vəzifəsinə qədər pillə-pillə gəlib çıxmışam. Yəni, camaat arasından çıxmış adamam. Sovet İttifaqı dövründə də yaşıllaşdırmanın qorunması ilə bağlı çox ciddi qanunlar var idi. Biz həmin qanunlara tabe olurduq. Deməyim odur ki, gərək bu sahədə də kadrlar tam yetişsin. Yəni, insanlar özləri yaşıllıqların qorunmasına maraqlı olmalıdır. 


Ümumiyyətlə, mən ağac kəsilməsinə çox pis baxıram. Çünki bir ağacın yetişdirilməsi üçün illər lazımdır. Təsəvvür edin ki, illərlə yetişdirilən ağacı 1 saatın içərisində kəsib yerə qoymaq təbiətə və insanlara nə qədər ziyandır. Bu gün Azərbaycanda yaşıllaşdırılma salınması ilə bağlı dövlətin siyasəti var. Ancaq bütövlükdə baxanda Azərbaycanda yaşıllaşdırılma işləri digər dövlətlərlə müqayisədə azdır. Hamımız yaşıllaşdırılma işlərinin artırılmasına çalışmalıyıq".


Sabiq icra başçısı deyib ki, yaşıllıqların qorunmasına dövlətdən savayı hər bir insan özü nəzarət etməlidir:


"Hər bir insan yaşıllıqların qorunmasına vicdanla yanaşmalıdır, daxilən ağac kəsilməsinə razı olmamalıdır. Yəni, hansı vəzifələrdə işləməsindən asılı olmayaraq hər bir insan təbiəti qorumalıdır. Ulu öndər Heydər Əliyevin ağacların kəsilməsi ilə bağlı çox məşhur kəlamı var. Ulu öndər deyirdi ki, hər hansı bir ağac kəsiləndə elə bilirəm ki, mənim qolumu kəsirlər. Bu, çox təsirli fikirlərdir".

 

Image result for Ä°brahim Mehdiyev


İbrahim Mehdiyev ağacların kütləvi kəsilməsinə göz yuman icra başçılarına da iradını bildirib:


"İndiki icra başçıları haqqında elə də pis söz deyə bilmərəm. Çünki başçıları təyin edən cənab Prezidentdir. Ölkə başçısının Sərəncamına da hörmətlə yanaşmaq lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, paytaxtda Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahə ilə məşğul olan müvafiq qurumu var. Eyni zamanda bu sahəyə nəzarət də mövcuddur. İndi bu qədər nəzarətdən sonra cənab Prezidentin bu məsələyə qarışması da doğru olmazdı. Həmçinin, İcra Hakimiyyətinin Nizamnaməsində də bu məsələyə ciddi əməl edilməsi ilə bağlı məqamlar mövcuddur. Hesab edirəm ki, sadaladığım bu qurumlar ağacların kəsilməsi hallarına qarşı çox ciddi mübarizə tədbirləri görməlidir və yaşıllaşdırmanın qorunmasına ciddi yanaşılmalıdır. Hər bir işi cənab Prezident özü görə bilməz. Ölkə başçısı müvafiq tapşırıqlar verib və onlara əməl olunmalıdır".
    

Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub. 


İlqar Ağayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top