Deputat: "Azərbaycanın İsraildən silah alması İranı niyə narahat edir?!"

GÜNDƏM 18 apr 2024, 15:11
 “İranın Ermənistandakı səfirinə sual vermək lazımdır ki, siz nə vaxtdan ermənilərlə qardaşlaşmısınız?! Görünən odur ki, İran Azərbaycanın güclənməsini, inkişaf etməsini qəbul edə bilmir. Erməninin yerinə bir başqası olsa, sabah ona da tərəfkeşlik edəcək, təki Azərbaycana zərər versin”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı və sonrakı dövrdə də İran dəfələrlə Araz çayı boyunca qoşunlarını sərhədə yığıb Azərbaycana hədə-qorxu gəlməyə çalışıb:

“İndi isə Ermənistan 30 ildən çoxdur İrana sanksiyalar tətbiq edən, onu hədə-qorxu altında saxlayan dövlətlərin qoşunlarını öz ərazisinə yığıb. Buna isə İran dövləti susqunluqla yanaşır. 

Azərbaycan dünyanın ən inkişaf etmiş hərbi sanayesinə sahib dövlətlərindən silah-sursat almağa davam edir, o cümlədən də İsraildən. Bunun heç bir məsələyə və heç bir dövlətə aidiyyəti yoxdur. Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün ordusunu müasir silahlarla təchiz etməsi niyə İranı narahat edir?! İran “İslam Respublikası” adı altında pərdələnib yerləşdiyi regionda müsəlman dünyasını parçalamaq üçün, birləşməsinin, güclənməsinin qarşısını almaq üçün fəaliyyətdədir. Müxtəlif dövlətlərlə əlaqələri də bu məqsədə yönəlib. İranın daha bir məqsədi də türk dünyasını parçalamaqdır. Terror təşkilatlarını maliyyələşdirməsinin də kökündə bu çirkin niyyətlər dayanır”. 

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top