BP “Azəri-Çıraq”ın yeni platformasından neft hasilatına başlayıb

İQTİSADİYYAT 16 apr 2024, 23:58

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin operatoru kimi bu gün Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yatağının işlənməsi çərçivəsində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlandığını elan edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

bp-nin strategiyası bü günün enerji sisteminə, yəni ACE kimi layihələrin işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.

ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində bp-nin əməliyyatçısı olduğu Şahdəniz qaz yatağında daha iki platforma istismardadır.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.

AÇG layihəsində iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGCVidesh (2,31%).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top