“COP29 ətraf mühitə qayğı məsələsində ictimai şüurda inqilabi dəyişikliyə yol açacaq” — QHT sədri

COP29 16 apr 2024, 17:15
 “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tipli tədbirlər əslində qlobal güclərin ekoloji böhranla bağlı SOS siqnalıdır. Azərbaycan  qalıq yanacaq istehsalçısı və ixracatçısı olan ölkələrdəndir. Lakin biz bərpa olunan enerjiyə keçidlə bağlı səyləri dəstəkləyirik. Qlobal miqyasda atmosferə istixana qazlarının atılmasında Azərbaycanın payı cüzidir. Amma bununla belə ölkəmiz üzərində öhdəlik götürüb. 2050-ci ilə qədər istixana qazlarının emissiyası 40 faizə qədər azaldılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, son 30 ildə qlobal iqlim dəyişmələri ciddi fəsadlar verib:

“Buzlaqlar əriyir, quraqlıq sahələri genişlənir, meşə yanğınları artır, su mənbələri quruyur. Elmi-texniki nailiyyətlər insanlığı xeyli irəli aparıb. Lakin sənayenin inkişafı, kənd təsərrüfatının genişlənməsi ekoloji problemlərə yol açıb. Müasir dünyada insanlar şəhərlərdə yaşamağa üstünlük verirlər. Həm təbii artım, həm də əmək miqrasiyası nəticəsində iri meqapolislər yaranıb. Lakin şəhərlərdə cəmləşmiş istehsal müəssisələri və nəqliyyat vasitələri atmosferə atılan karbon qazının miqdarını artırıb. On illərdir qlobal beyin mərkəzləri problemdən çıxış yolları arayır. Gəlinən nəticə odur ki, artıq meşə sahələri, yaşıllıqlar şəhərləşməyə və sənayeləşməyə qurban verilməməlidir. Qalıq yanacaqdan istifadə azadılmalı, yaşıl enerjiyə keçid sürətləndirilməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub:

“Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz bu sahədə qabaqcıl ölkələrin iri şirkətləri ilə anlaşma memorandumları imzalayıb”.

E.Cəfərli vurğulayıb ki, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana böyük hörmət və etimadın göstəricisidir:

“Bu qərar onu göstərir ki, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfələr təqdir olunur. 

COP29 sadəcə ekoloji problemlərin müzakirə ediləcəyi bir tədbir deyil. Ekoloji problemlərin həlli üçün birlikdə mühüm qərarların veriləcəyi, addımların atılacağı böyük qlobal platforma olacaq. Bu forum Azərbaycana aktual ekoloji problemlərin davamlı həlli yollarını  tapmaq istiqamətində ölkələrlə işləmək üçün böyük imkanları açacaq. Azərbaycan bu günə qədər çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hesab edirəm ki, miqyasına və əhəmiyyətinə görə indiyə qədər keçirilən tədbirləri üstələyən COP 29 ölkəmizə yaşıl enerji sektorunun yaradılması istiqamətində böyük təcrübə qazandıracaq. Hesab edirəm ki, COP 29 konfransı yaşıl enerjiyə münasibətdə, ətraf mühit qayğı məsələsində ictimai şüurda inqilabi dəyişikliyə yol açacaq. Bərpa olunan enerji əsasında istehsal olunan elektrik ixracı ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcıdır. Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması nəzərdə tutulub. Təbii relyefinə görə, Azərbaycanın bərpa olunan enerji potensialı böyükdür. Ümid edirik ki, aparılan məqsədyönlü işlər nəticəsində ölkəmiz yaşıl enerji regionuna çevriləcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top