"Ölkədə boşanan gənclər ordusu yaranıb" — HƏYƏCAN TƏBİLİ

SOSİAL 16 apr 2024, 13:49
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Görünən odur ki, nə qədər təbliğat, maarifləndirmə işləri aparılsa da boşanmalar artmağa davam edir. 

Mövzuyla bağlı Demokrat.az-a danışan sosioloq Lalə Mehralının fikrincə, oğlanlar ailə qurmaqdan çəkinir:

"Yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər süddən ağzı yanan suyu üfürərək içər. Ona görə də daha seçici olur, çək-çevir edir, evlənmək üçün ən yaxşı vaxtı, imkanı gözləyir. Gənclər  daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar.  Bu boyda problem görünməzlik xalatı geyinib? Niyə görünmür? Niyə görmürlər?

Boş seminarlar, bekar dəyirmi masalar vaxt itkisidir və nəticəsi yoxdur.  Statistika da sübut edir ki, bu günədək o dəyirmi masa söhbətlərinin bir nəticəsi olmayıb. Ölkədə boşanan gənclər ordusu yaranıb, əlaqədar komitənin tükü tərpənmir. Bu coğrafiyanın ailələri regionun ən sarsıdıcı müharibələrini görüb, Böyük Vətən Müharibəsinin, Qarabağ müharibəsinin iştirakçıları olublar. Tarixinin ən çətin illərini yaşayıb Azərbaycan ailələri o illərdə, ac qalıb, çılpaq qalıb, yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb. 

Əvvəl ölkənin mövcud ailə dəyərləri vardı, birlik-bərabərlik, bütövlük anlayışları vardı. İndi varmı o anlayış, o dəyər? Azərbaycan ailəsi modeli nədir indi? Boşanmış tərəflər, ortalıqda qalmış uşaqlar, aliment davası, mülk çəkişməsi. Bunlar kimin əsəridir? Ailə dəyərlərinin qorumaqda və inkişaf etdirməkdə məsul olanlar bu faciəvi vəziyyəti necə düzəltməyi düşünür, maraqlıdır..."

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top