Aktiv olmayan “Whatsapp” hesabları niyə silinir?

İKT 09 fev 2024, 12:06
Vaxtaşırı uzun müddət istifadə edilməyən “WhatsApp” hesablarının silinəcəyi barədə xəbərlərə rast gəlirik. İstifadəçilərə əvvəlcə xəbərdarlıq edilir. Müəyyən müddət ərzində platformada aktiv olmayan istifadəçilərin hesabları avtomatik silinir. İstifadəsiz qalmış hesabların silinməsinin səbəbi nədir? Bu hesabların qalması hər hansı təhlükə yaradırmı?

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, informasiya təhlükəsizliyinə aid qaydalardan biri də istifadə olunmayan, müəyyən vaxt intervalında passiv qalan hesabların bloklanması və ya silinməsidir: “Necə ki, müəssisədən ayrılan, işdən çıxan işçinin işə giriş imkanları (açarlar, giriş şifrələri və ya biometrik məlumatlar), korporativ giriş hesabı, digər imkan və imtiyazları bloklanır və ya silinir, istifadəsiz qalan hesablar da silinə bilər”.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, bu siyasət sadəcə “WhatsApp” hesablarına aid deyil, digər elektron sistemlərdə də  baş verir: 



“Adicə mobil SİM kartlarda balansın qoyulan vaxt limitinə uyğun istifadəsi və balans artırılmadığı halda xidmətin bağlandığı kimi beynəlxalq sosial şəbəkələrdə də bu funksiyanın olmağı normaldır. Burada narahat olacaq bir məqam yoxdur. “WhatsApp”ın “yardım mərkəzi” bölməsində qeyd olunmuş məlumatda qeyd edilir ki, 120 gün ərzində heç bir fəaliyyət göstərməyən "WhatsApp" hesabları ümumiyyətlə silinir. Heç bir fəaliyyət göstərməməsi istifadəçinin "WhatsApp"a qoşulmaması deməkdir. Hesabların aktiv olması üçün internetə qoşulmaq tələb olunur. Hesab açıq olsa da, internetə qoşulmayıbsa, aktiv hesab olunmur”. 

B.Əliyev qeyd edib ki, hesab silinməzdən əvvəl istifadəçinin cihazında saxlanılan məlumatlar “WhatsApp” cihazdan silinənə qədər saxlanılır: 

“İstifadəçi “WhatsApp” hesabını yenidən eyni cihazda qeydiyyatdan keçirərsə, saxlanılan məlumatlar yenidən əlçatan olur. Foto və fayllar bu məlumatlara aid deyil. Çünki bu kimi məlumatlar cihazın öz yaddaşına və “qalereya” bölməsinə düşür. Silinmə işi sadəcə “WhatsApp”ın birbaşa idarə etdiyi bəzi qovluqlarda gedə bilər. Ümumiyyətlə, faylların silinməsi, itməsi risklərindən qurtulmaq və məlumatların daimi saxlanması məqsədilə “Google Photo” kimi “cloud” xidmətlərindən istifadəni tövsiyə edərdim. 

Aydındır ki, bütün sosial şəbəkələrdə müxtəlif məqsədlərlə saxta, qeyri-leqal hesablar açılır və dünyada hər gün ölən insanların da sayını nəzərə alsaq, 1 il ərzində kifayət qədər hesab istifadəsiz qalır, sosial şəbəkələrin resurslarında yer tutur. Ona görə də hər bir sistemdə olduğu kimi həm təhlükəsizlik, həm də resursların qənaətli istifadəsi üçün daimi olaraq bu tip hesabların silinməsi avtomatikləşir”. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top