“Niyyətimiz hakimiyyətə gəlməkdir” — İqbal Ağazadə

MÜSAHİBƏ 15 sen 2023, 22:42
Yenilənmiş “Siyasi partiyalar haqqında”  Qanunda göstərilən tələblərə cavab verərək, beş min üzv tələbini yenrinə yetirən və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatı yenilənən təşkilatlardan biri də Ümid Partiyasıdır.

Partiyanın sədri İqbal Ağazadə Azpost.info-ya müsahibəsində rəhbərlik etdiyi partiyanın bundan sonrakı fəaliyyəti və ümumi siyasi vəziyyətlə bağlı danışıb:
– Ümid Partiyasının qeydiyyatının yenilənməsi təşkilatın fəaliyyətində nəyi dəyişəcək?

-Bizim fəaliyyət strategiyamız bəllidir və o istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik. Reyestrdən keçmək fəaliyyətimizdə hansısa dəyişikliyə səbəb olmayacaq. Bizim partiyamızın nizamnaməsi, məramnaməsi var, qurultayda qəbul etdiyimiz qərarlar mövcuddur. O istiqamətdə də işlərimizi davam etdirəcəyik. Siyasətimizin də ana xəttini Azərbaycanın milli maraqları, Qarabağ məsələsi, dövlətçiliyin möhkəmlənməsi, ölkədə demokratik cəmiyyət quruculuğuna, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir. Mən ümumi məqsədimizi sadaladım. Təbii ki, detallı nə etmək istədiyimizi sadalasam, çox zaman alar. İdeyalarımızı, məqsədlərimizi gerçəkləşdirmək üçün də niyyətimiz hakimiyyətə gəlməkdir. Ümid Partiyası hakimiyyətə gəlmək istəyir, bu istiqamətdə də çalışmalarımız davam edir.

–Necə?

-Seçkilər yolu ilə. Bizim hakimiyyətə gəlmək üçün başqa yolumuz yoxdur. Biz zorakılığı məqsədə çatma vasitəsi kimi rədd edən partiyayıq. Bunu da nizamnaməmizdə təsbit etmişik. Biz siyasətə elə-belə, söz demək üçün, ya da fədakarlıq etmək üçün gəlməmişik. Biz siyasətə hakimiyyətə gəlmək üçün, komandamızı hakimiyyətə gətirmək üçün gəlmişik. Bu istiqamətdə də məqbul bildiyimiz yollarla çalışırıq. Kimsə hesab edirsə ki, bu, məqbul yol deyil, ya gəlsin partiya strukturunda təmsil olunsun, bu yolu dəyişmək istəsin, ya da başqa təşkilatda məqbul bildiyi variant əsasında mübarizə aparsın. Bizim yolumuzun səhv olmasını partiya üzvü olmayan, səlahiyyətlisi olmayan kimsə müzakirə predmetinə çevirməməlidir. Çünki Ümid Partiyasının indiki məqbul bildiyi mübarizə yolu kollegial qərarla verilib.

-Apardığınız mübarizənin bəhrəsi nə zaman olacaq?

-Əlbəttə, nəticə olacaq. Nə zaman olacaq, bunu daxildəki konyuktura, beynəlxalq konyuktura, əhalinin proseslərə  yanaşması müəyyənləşdirəcək. Bu, təkcə bizdən asılı deyil. Bizim “sehrli çubuğumuz” yoxdur ki, dəyişiklik edək. Demokratik cəmiyyət qurmaq istəyiriksə, hər kəs əlini daşın altına qoymalıdır. Bu gün demokratik cəmiyyət istəyən böyük əksəriyyətin demokratiya anlayışından xəbəri yoxdur. Liberal cəmiyyət arzusunu bəyan edən adamların əksəriyyətinin liberalizmdən xəbərsizdirlər və onun kimi düşünməyənləri də müxtəlif formalarda yamanlayırlar, müxtəlif ayamalar qoşurlar, yersiz damğa vururlar və s. Mən siravi insanları demirəm, siyasi kəsimin özü hələ prosesin nə olduğunu anlamır, yaxud da özü ona hazır deyil. Təəssüf ki, siyasi kəsimin özünün şüuru və düşüncəsi hələ ki, demokratik deyil. Elə bilirlər ki, demokratiya onun dediyi yolla getməkdir, onun dediklərini təsdiqləməkdir. Demokratiya bu deyil axı. Demokratiya, liberal cəmiyyət səninlə olmayan, fərqli düşünən insanların fikirlərinə hörmət etməkdir, qəbul etməkdir. Fərqli düşünən insanları linç edəcəksənsə, sosial şəbəkələrdə söyəcəksənsə, sənin qurmaq istədiyin cəmiyyət əvvəlki ilə heç nəyi ilə fərqlənməyəcək.

-Dediniz ki, hakimiyyətə gəlmək niyyətindəsiniz və bu istiqamətdə çalışırsınız. Konkret çalışmanız nədən ibarətdir?

-Ümid Partiyası cəmiyyətə fikir və düşüncələrini, proqramını çatdırır. Bizim proqramımızı, düşüncələrimizi ayrı-ayrı problematik məsələlərə yox, bütövlükdə strategiyaya konseptual baxışımızı zaman-zaman təqdim edirik. Etmək istədiklərimizi cəmiyyətə təqdim etmək üçün də həm informasiya resurslarından yararlanırıq, həm də broşürlər çap edib paylayırıq, sosial şəbəkələrdən istifadə edirik. Hələlik çatdırma imkanlarımız, əhalinin də bu düşüncələrimizi qəbul etmək imkanları istədiyimiz səviyyədə deyil. Nə biz proqramımızı əhaliyə tam çatdıra bilirik, nə də əhali bunları tam qəbul edə bilir. Bunun da səbəbləri var. Azərbaycan məişəti sosial cəhətdən o qədər ağırdır ki, insanlar fərdi problemlərinin həllini siyasi baxışların, siyasi seçimlərin üzərində edərək dəyişdirməyi düşünə bilmir. Bu, təəssüf doğurur. İnsanlarımız qəbul etmək istəmir ki, sistemin dəyişməsi, yeni hakimiyyətin formalaşmasından, büdcəyə münasibətdən, insanlara münasibətdən, resurslara münasibətdən və s. asılıdır. Biz hazırda bu məsələləri insanlara çatdırırıq, bir növ, maarifləndiririk. Çünki başqa alternativ yoxdur.

-Bunun üçün uzun zaman lazım ola bilər…

-Demokratiya uzun bir yoldur. Özü də bunu mən deməmişəm. Mənim nə qədər ömrüm varsa, bu mübarizəni davam etdirəcəm. Amma nə zaman mübarizəmizin nəticəsini görəcəyik, bayaq dediklərim həllini tapmalıdır. Daxili və xarici konyuktura, insanların seçkiyə münasibəti, jurnalistlərin, vətəndaş cəmiyyəti institutrlarının ortaq çabalarından, cəmiyyətin baxışlarının dəyişməsindən çox şey asılıdır. Demək istədiyim odur ki, bu mübarizənin müsbət nəticələnməsi təkcə Ümid Partiyasından asılı deyil. Əslində demokratik dəyişiklikləri bütün təbəqələr – media, vətəndaş cəmiyyəti, siyasətçilər, sağçı, solçu, liberal, millətçi, bir sözlə, hər kəs  cəmiyyəti seçimə hazırlayır. Sonra seçici seçmək imkanı qazanır və baxır ki, bunların içərisindən kimi seçsin. Yüz faiz əminəm ki, seçicinin bircə faiz seçim imkanı olsa, Ümid Partiyasını seçəcək. Deyə bilərlər ki, bu imkanlar verilmir. Bəli, verilmir. Amma bəzi imkanlar verilir, bəzi imkanlar isə alınır. Biz verilən və alınan imkanların hamısını səfərbər etməyə çalışan tərəfik.

-Seçkilər demişkən, 2025-ci ildə hənm prezident, həm də parlament seçkilərinin vaxtıdır. Ümid Partiyası seçimlərə qatılacaqmı?

-Bunun üçün hələ ki, iki il müddət var. Həmin vaxt partiya hansı qərarı verəcək, ona uyğun da qərar qəbul edəcəyik. Əlbəttə, biz dediyim kimi, seçkilərlə dəyişikliyin tərəfdarıyıq, buna inanan tərəfik. Güman ki, qarşıdakı seçkilərdə də var gücümüzlə iştirak edəcəyik.

-Konstitusiya islahatları aparılacağı, referendum keçiriləcəyi gözləntiləri də var. Buna münasibətiniz necədir?

-Bunu hakimiyyət bilir, referendum keçirilib-keçirilməyəcəyini deyə bilmərəm. Lakin indi pozitiv dəyişikliklər gözlənilmir. Referendumun keçiriləcəyinə o qədər də inanmıram. Baxmayaraq ki, 2020-ci ildən bu yana siyasi institutlarla fərqli danışıqlar aparılır, çalışılır ki, siyasi partiyalar proseslərdə iştirak etsin və hakimiyyət partiyalara fərqli yanaşmış olsun. Amma problemlər faktiki olaraq həll edilmir. Məsələn, Mərkəzi Seçki Komissiyasında, yaxud Dairə Seçki Komissiyasında parlamentdən kənarda olan partiyaların iştirakı yoxdur. Partiyaların etimad komissiyalarının yaradılması istiqamətində birgə addım atılmayıb. Seçki Məcəlləsində dəyişikliklər edilmir. Yəni hakimiyyət siyasi institutlarla bağlı problemləri həll etməkdə maraqlı görünmür.
Hesab edirəm ki, Konstitusiyada islahatlar getməli, parlamentin səlahiyyətləri artırılmalı, proporsional seçki sistemində ən azı 50-nin 75-ə majoritarla qarışıq sistem formalaşdırılmalıdır.

-Ümumiyyətlə, müxalifətin vəziyyətini necə qiymətləndirirsiniz?

– Əvvəlcə müxalifət anlayışına baxmalıylıq. Ümumiyyətlə, bu anlayışa fərqli yanaşmaq lazımdır. Müxalifətin siyasi institut olaraq təşkilatlanması ilə müxalif düşüncə fərqli anlayışdır. Hesab edirəm ki, ölkəmizdə müxalif düşüncə çoxdur. Sosial vəziyyətin ağırlığı, məmur özbaşınalığından narazılıq çoxdur. Lakin bu düşüncənin təşkilatlanma səviyyəsi aşağıdır. Bunun da səbəbi odur ki, Çünki müxalif düşüncənin təşkilatlanmasına münbit şərait yoxdur, hökumət buna şərait yaratmayıb. Bu gün Azərbaycandakı partiyalar uzun illərdir, nəticəsizlik sindromu yaşayırlar, hakimiyyətə gələ bilmirlər. Siyasi təşkilatların uğuru yoxdur. Müxalifətin vəziyyətinin yaxşı olduğunu demək qətiyyən mümkün deyil. Bunun üçün bayaq dediyim məsələlər, cəmiyyətin ümumi baxışının dəyişməsi lazımdıtr. O zaman müxalifət də güclü olacaq. Güclü müxalifət isə güclü dövlət, güclü hakimiyyət deməkdir.

– Ümid Partiyası siyasi proseslərdə digər partiyalarla əməkdaşlıqda, məsələn, seçkidə bloklar formasında iştiraka necə baxır?

– Ümumilikdə, funksional əməkdaşlıq baxımdan ölkədəki bütün siyasi partiyalara açığıq. Azərbaycanın demokratikləşməsi, inkişafı üçün istənilən siyasi qüvvə ilə, bu hakimiyyət partiyası da ola bilər, müxalifət partiyası da, əməkdaşlığıa hazırıq. Hakimiyyət desin ki, demokratikləşmə üçün yeni mərhələyə başlayırıq, əməkdaşlıq edək, biz masa arxasında əyləşib, planlarımızı təqdim edə bilərik. Eyni əməkdaşlıq müxalifətlə də mümkündür. Amma seçkilərə hansısa partiyalarla blok şəklində iştirakın tərəfdarı deyilik. Səbəb isə blokun effektinin olmaması, yaxud az olmasıdır. Məsələ burasındadır ki, siyasi institutun rəyi ilə hesablaşılmır, dediyim kimi, cəmiyyətin də problemlərinin həllini siyasi inistitutlaşma üzərindən həllinə inamı azdır. Belə halda seçkilərə ya tək getdin, ya blokla getdin, o qədər də əhəmiyyəti yoxdur. Demokratikləşmə üçün siyasi institutlar prinsipləri doğru-dürüst müəyyənləşdirməlidirlər. Cəmiyyətdə bir prinsipsizlik yaranıb. Demokratik ölkələrdə maraqlar baxımından yanaşma çox rahatdır. Çünki siyasi institut bilir ki, onun nümayəndələri qalib gəlməlidir. Azərbaycanda seçki proseduru zədələndiyinə görə gərək əvvəlcə seçki institutunu işlək hala gətirək. Demokratiya olmayan yerdə bizim maraqlarımız təmin oluna bilməz. Bu bir qədər də əvvəlki sualın cavabıdır. Yəni belə halda müxalifətin də vəziyyəti yaxşı ola bilməz, güclü ola bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top