“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir”

SİYASƏT 25 sen 2020, 21:00

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı müxtəıif ölkələrdən muzdlular və terrorçuları cəlb etdiyini vurğuladı.


Ermənistanın ölkəmizə qarşı muzdlu və terrorçuları səfərbər etməsi, əslində işğaıçı ölkənin öz gücünə inamsızlığının göstəricisi sayıla bilərmi? Bu faktın özü Ermənistanın insan resursu çatışmazlığından ciddi əziyyət çəkdiyini göstərmirmi?


Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
 

“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-sessiyasında iki statusda çıxış etdi. Çıxışın birinci hissəsi Qoşulmama Hərəkatına daxil olan 120 ölkə adından, ikinci hissəsi isə Azərbaycanın problemlərinə həsr olunmuşdu.


Məzmununa, islahatların aparılması ilə bağlı irəli sürülən təklflərə görə cənab Prezidentin çıxışı olduqca əhəmiyyətli və tarixi çıxışdır. BMT ən ali universal təşkilat olaraq yarandığı vaxtdan bəri planetin qarşısında duran bir çox problemlərin həllinə nail osa da, XXI əsrin qlobal çağırışlarına tam cavab vermir. Buna görə də, Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan BMT-nın strukturlarında köklü islahatların aparılması zəruriliyindən çıxış etdilər. Təşkilat gəncləşdirilməli, müasirləşməli, TŞ-nın tərkibi dünyanın bütün regionlarını, mədəniyyətlərini proporsional şəkildə təmsil etməlidir. Qəbul olunan qətnamələrin dəqiq icra mexanizmi işlənib hazırlanmalıdır. İstisnasız olaraq bütün qərarlar beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.


Aydın məsələdir ki, ölkəmiz bütün dünyada bənzəri olmayan, üzdə özünü məzlum göstərərək arxada insanlığa yaraşmayan ən çirkin oyunlarla məşğul olan olan mənfur düşmənlə qarşı-qarşıyadır. O düşmən ki, fasiləsiz olaraq hər gün, hər saat dünyanın hər tərəfində xalqımıza qarşı böhtan, şər kompaniyası aparır. Buna görə dövlət başçısının belə bir yüksək tribunadan Azərbaycan həqiqətlərini səsləndirməsi düşmənə vurulmuş zərbədir.

 
Ermənistanın müxtəlif ölkələrdən muzdlu terrorçuları gətirməsi, yeni məsələ deyil. Birinci Qarabağ müharibəsində də məşhur terrorçu Monte Melkonyanı, Yaxın Şərq ölkələrindən gətirilmiş qaradərili muzdluları, 366-cı alayı, sonralar bizim tərəfimizdən əsir götürülən çoxsaylı slavyan kökənli döyüşçüləri xatırlamaq kifayətdir. 2016-cı ilin aprel döyüşlərində əsgərlərimiz cəmi 40 dəqiqə ərzində ,, Ohanyan səddi,, mifini dağıtmaqla, erməni ordusunun Azərbaycan Ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə zəifliyini göstərdilər. İyul təxribatlarında da həmçinin. Ələlxüsus qardaş Türk Silahlı Qüvvələrinin Ordumuzla keçirdiyi birgə təlimlər isə, düşməni əməlli-başlı qorxuya salıb. Mənə elə gəlir ki, son dövürlər müttəfiqləri və havadarları da erməniləri Azərbaycanın qətiyyətli mövqeyi ilə xəbərdarlıq etmişlər. Artıq onları əvvəlki tək müdafiə etmək imkanlarının olmadığını başa düşürlər. Ermənistanda ,, könüllü ordunun,, yaradılması, 70 yaşa qədər kişilərin orduya cəlb olunması, terrorçu təşkilatlarla razılaşaraq muzdluları cəbhə bölgəsinə yerləşdirməsi ilk növbədə insan resurslarının məhdud olması, ikincisi zəiflik əlamətidir və düşməni məğlubiyyətdən qurtarmayacaqdır. Torpaqlarımızın azad olunması üçün həm beynəlxalq, həm də hərbi şərait yetişmişdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top