"Yazıblar ki, guya Hadi Rəcəblinin seçicilərinin 70 faizini mən qəbul edirəm" — Yevda Abramov

MARAQLI 06 okt 2018, 13:13

"Bəzi jurnalistlər mənimlə Hadi Rəcəblini üz-üzə qoymağa çalışırlar. Mənim Hadi Rəcəbli ilə nə problemim ola bilər? Hadi müəllimlə biz dostuq, Milli Məclisdə qonşuyuq. Bu cür hərəkətlərlə heç nəyə nail ola bilməzlər".


Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov bildirib. 


Y.Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında çıxışı zamanı söylədiyi fikirlərin təhrif olunduğunu iddia edib:


"Həmin iclasda mən heç kəsə müsahibə verməmişəm. Orada çıxış edib demişəm ki, İnsan hüquqları komitəsinin sədr müavini Azərbaycanın hansı bölgəsindən yanıma adam gəlirsə gəlsin, mən onları qəbul edirəm. Sonra bildirdim ki, filan vaxtı Hadi Rəcəblinin yanına adamlar gəlmişdi, Hadi müəllim olmadığı üçün onları mən qəbul etdim. Sonradan jurnalistlər mənim bu fikirlərimi təhrif edərək yazıblar ki, guya Hadi Rəcəblinin seçicilərinin 70 faizini mən qəbul edirəm. Axı mən xəstə adamam. Bu qədər insanı necə qəbul edə bilərəm? Görünür, kimsə mənim adımdan sui-istifadə edir. Mənə qarşı nə kampaniya başladırlarsa, qoy başlatsınlar. Axı mən kiməm, hansı vəzifəyə iddia edirəm? Millət vəkilliyimi canla-başla yerinə yetirməklə məşğul oluram. Kim nə istəyirsə, etsin. Onlar haramzadadırlar. Anlamırlar ki, mənim bu dövlət üçün gördüyüm xidmətləri cənab Prezidentimiz yüksək qiymətləndirir, fəaliyyətimdən xəbərdardılar. Deputatlarımız da yaxşı bilir ki, mənim Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçün hansı xidmətlərim var. Buna görə də mən heç bir jurnalistə müsahibə vermirəm, bir nəfəri yaxınıma buraxmıram. Çünki yaxşı bilirəm ki, fikirlərimi düzgün yazmayacaqlar. Mən buna görə deyirəm ki, siz jurnalistlər xətalı adamlarsınız. Ona görə də heç danışmamaq ən gözəl haldır".


Deputat səhhəti ilə bağlı da danışıb:


"Hazırda səhhətim normaldır, qulluq olunur. Amma bu elə xəstəlikdir ki, onun müalicəsi uzun çəkir. Sadəcə olaraq mən çalışıram ki, ruhdan düşməyim. Allaha dua edirəm. Bu gün o qədər cavan-cavan insanlarımız, jurnalistlərimiz dünyadan köçürlər. Adam təəssüf edir. Bu gün Allaha şükürlər olsun ki, bütün qohum-qərabam ətrafımdadır, yaxşı dostlarım var, əllərindən gələn köməyi edirlər. Cənab Prezidentimiz və yaxşı jurnalistlərimiz də sağ olsunlar ki, daim diqqətdə saxlayırlar. Cənab Prezident İlham Əliyev səhhətimlə bağlı maraqlanıb".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top