Anar Məmmədov: “Dövlətə xəyanət edənlər dinc sakinləri təşvişə salmaq istəyirlər” — MÜSAHİBƏ

MÜSAHİBƏ 15 iyl 2020, 12:40

“Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, zor tətbiq edərək Milli Məclisin binasına daxil olmağa çalışmaq nə dinə, nə də demokratiyaya xidmət edir”


“Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir”


Milli Məclisin deputatı Anar Məmmədovun Pravda.az-a müsahibəsi:


- Ermənistan Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd göstərib, ərazidə gərginlik qalmaqdadır. Bunun səbəbi nədir, Ermənistan hökuməti niyə belə addım atdı?


- İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edib. Rəşadətli ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub və Ermənistanın təxribatına layiqli cavab verilib. Hər iki tərəfdən fərqli sayda itkilər olsa da erməni tərəfi öz ənənəsinə sadiq qalaraq itkilərini etiraf etməmiş və hətta cəmiyyəti yanıltmağa çalışmışdır. Azərbaycan tərəfi isə həm şəhid, həm də yaralı olanlarla bağlı dəqiq məlumatları cəmiyyətlə vaxt itirmədən paylaşmış və şəhid olan hərbi qulluqçuların dəfn mərasimləri həyata keçirilmişdir. Təbii ki heç nəyə nail olmayacaqları bəri başdan məlum olan təxribatın törədilməsinin köklü səbəbləri və siyasi məqsədləri var idi. Əsas səbəb Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhranın yaşanılmasıdır. Xatırlatmaq istərdim ki, artıq bir neçə aydır ki, Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuş və bütün siyasi rəqiblərini təqib etdirir və həbs etdirir. Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyan vəziyyətdən çıxmaq üçün xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa çalışır. O, hesab edir ki, xarici təhlükə, cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq üçün kifayət olacaqdır. Ancaq əlbəttə ki, bu düzgün gediş deyildi. Ermənistanın Azərbaycan üzərində nə hərbi, nə də diplomatik baxımdan uğuru demək olar ki, mümkün deyil. Ermənistan tərəfi gecə yarısı qəfil hücumdan sonra sürətli əks-hücumla cavablandırılaraq geri otuzduruldu və təxribatlarına qətiyyətli cavab verildi. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub və etiraz aksiyaları başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddiaları hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri tərəfindən belə ironiya ilə qarşılanıb. Təxribatçı hücumun digər bir səbəbi də son dövrlərdə ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsi, vətənimizin diplomatik uğurları, dövlət başçımız İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenalarda əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi kimi diplomatik uğurlar idi. Bu uğurlar erməni lobbisini, xarici ermənipərəst dairələri və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.


- Bu məsələdə beynəlxalq təşkilatlar necə davrandılar?


- Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Belə olan təqdirdə isə beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar, ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər. Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.  Baş verən son hadisələr onu deməyə əsas verir ki, toqquşma hər an gözləniləndir. Dost və qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini artıq bildirib. Eyni zamanda İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Bununla yanaşı TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibləri, həmçinin Ukrayna, Pakistan, Moldova, Qazaxıstan, İtaliya, Kolumbiya münaqişəli vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlanmasının tərəfdarı olduğunu diqqətə çatdırıblar. Avropa İtiifaqı, Natonun baş katibi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edərək,  Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayaraq, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb. Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməməlidir.


- Baş verənlər Ermənistan üçün nə ilə nəticələnəcək?


- Baş verən hadisələr fonunda beynəlxalq ictimaiyyət təcavüzkarı və təcavüzə məruz qalan tərəfin kim olduğunu bir daha gördü. Bununla da Ermənistan təxribat hücumu ilə münaqişənin sülhlə həll olunmasında maraqlı olmadığını göstərdi.  KTMT növbəti dəfə Ermənistana zərbə vurdu. Bu vəziyyət isə real danışıqların aparılması üçün Ermənistana təzyiqlərin artması ilə bitəcək. Nəticədə isə  cəbhə təxribatları Ermənistana baha başa gəldi.

 
- Azərbaycan indiki məqamda hansı addımı atmalıdır? Genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdırmı?


- Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu  layiqli cavab verir və verməyə də davam edəcək. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq.


- Dünən Bakıda orduya dəstək şüarları ilə yürüş keçirildi. Sonradan isə yürüş başqa istiqamətə yönədildi, iştirakçıların bir hissəsi zorla Milli Məclisi inzibati binasına daxil oldular. Nə baş verir?

 
- Dünən axşam saatlarında xalqımız ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirərək, xalq - iqtidar birliyinin, xalq - ordu birliyinin vəhdətinin təcəssümü olaraq paytaxt ərazisində "Ya Qarabağ ya ölüm", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ali Baş Komandan əmrini gözləyirik" kimi şüarlar səsləndirdilər. Təbii ki, bütün bunlar çox qürurvericidir. Lakin əfsuslar olsun ki, bir qrup radikal dəstə öz mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Bu hadisə isə artıq qərəzli şəkildə, qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanmış bir təxribat idi. Bunun isə yalnız bir adı var: şəhid adından istifadə edib ictimai-siyasi sabitliyi pozmaq. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, zor tətbiq edərək Milli Məclisin binasına daxil olmağa çalışmaq nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu gün ölkəmizin yüksək templə inkişafı ve sabitliyi, eyni zamanda sərhəddə düşmən üzərindəki üstünlüyümüz bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynuyurlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil. Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycan xalqı dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istiyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi  ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top