"Cəmiyyət seçkidən-seçkiyə öz iradəsini ortaya qoyur" — YAP-dan AÇIQLAMA

SİYASƏT 06 mar 2020, 09:03

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı martın 4-də dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib. Sənədə əsasən, 2019-cu ildə siyasi və mülki hüquqlar sahəsində irəliləyiş əldə etmiş ölkələrin sayı iki dəfə artıb.

 

14-cü ildir ki, “qlobal azadlıq” sahəsində pisləşmə müşahidə olunur. “Azad olmayan ölkələrə” 49 dövlət aid edilib. Onlar arasında Türkmənistan, Tacikistan və s. ilə yanaşı Azərbaycan da var. Hesabatda həmçinin bu il ölkə parlamentinə keçirilən növbədənkənar seçkilərə toxunulur. Aparıcı müxalif qüvvələrin bir hissəsinin seçkiləri boykot etdiyi vurğulanır.

 

Hakim Yeni Azərbaycan Partiyasının 125 yerlik parlamentdə 71 deputat mandatı əldə etdiyinə işarə olunur. Hesabatda o da bildirilir ki, Milli Məclisə həmçinin hakim partiyanı dəstəkləyən 41 müstəqil namizəd və kiçik partiyalardan 12 nəfər keçib.

 

“Freedom House”un bu hesabatı ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Hakimiyyəti düşərgəsi nüfuzlu beynəlxalq təşkilatın qərəzli olduğunu bildirir, onun ittihamlarını qəbul etmir.

 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında “Freedom House”un hesabatını sərt tənqid etdi: “Bu məlumatın formasından Azərbaycana qarşı bir qərəzlilik görünür. Ölkəmizi hansısa dövlətlərlə üz-üzə qoymaq, düşmənçilik toxumu səpmək əhval-ruhiyyəsi ortadadır. Yeni Azərbaycan Partiyası bütün ölkə üzrə təşkilatlanmış güclü siyasi bir birlikdir. Onun 700 mindən çox üzvü var. Partiya cəmiyyətin bütün sosial təbəqələrini əhatə edir. Onun fəallığı təkcə seçkilər dövründə olmur. Bütün dövrlərdə daima diqqəti çəkən formada ortada bir fəaliyyət var. Bizim partiyanın bu seçkilərdə də irəli sürdüyü namizədlər həm ölkə, həm də region səviyyəsində tanınmış, nüfuzlu, ziyalı şəxslər idi. Onların qələbələrindən hansısa bir xarici QHT-nin narahat olması başa düşülən deyil. Müstəqil namizədlərin iqtidaryönlü olduğunu demək nə dərəcədə düzgündür? Dairələrdə seçicilər onları dəstəkləyib parlamentdə görmək istəyiblər. Bütün ölkələrdə müstəqil şəkildə seçkilərə qatılıb parlamentdə təmsil olunan deputatlar var. Azərbaycan da bu sarıdan istisna deyil. Parlamentə bir neçə namizədi ilə düşən partiyalara da bu cür yanaşmanın özü xarici QHT-nin mədəniyyətsizliyinin göstəricisidir. Həmin partiyalar müəyyən dairələr üzrə işləyiblər, namizədlərinin parlamentdə düşməsinə nail olublar. Onların içərisində iqtidaryönlü, eyni zamanda müxalif meylli olanlar var. Bu da bir seçimdir. VI çağırış Milli Məclisi artıq Konstitusiya Məhkəməsi də təsdiq etdi. Bütün təbəqələrdən, siyasi qüvvələrdən parlamentdə təmsil olunanlar var. Bir seçkini xarici QHT-nin bir şəxs üzərində qurmasının özü absurddur. Qanunvericiliyə uyğun olaraq, hər beş ildən biri parlament seçkiləri keçirilir. Bu, kimisə seçmək üçün deyil. Daha çox səs toplayanın, etimad qazananın dövlət vəzifələrini yerinə yetirmək üçündür. Hesab edirəm ki, demokratiya və siyasi plüralizm hansısa bir QHT-nin xoşuna gəlmək üçün deyil, Azərbaycan xalqının dövlətçiliyini möhkəmləndirmək üçün vacibdir. Düşünürəm ki, 9 fevralda Azərbaycan cəmiyyəti öz iradəsini və növbəti 5 il üçün öz istəyini ortaya qoya bildi”.

Deputat beynəlxalq təşkilatın bu cür mövqedən çıxış etməsini təsadüfi saymır: “Burada əsas söhbət ondan gedir ki, onlar öz düşüncələrini zorla Azərbaycan cəmiyyətinə qəbul etdirməyə çalışırlar. Adından göründüyü kimi, onlar müstəqil namizədlərdir, amma bu xarici QHT onların iqtidaryönlü olduğunu deyir. Əvvəlki çağırışlarda bitərəf mövqedən çıxış ediblər, gah YAP-ın lehinə, gah əleyhinə, gah da hansısa bir məsələdə tamam fərqli mövqedən çıxış ediblər. Sirr deyil ki, biz parlamentə daha çox YAP təmsilçisinin seçilməyini istərdik. Eyni zamanda müxtəlif partiyaların nümayəndələrinin daha çox Milli Məclisdə təmsil olunmalarını istərdik. Amma bu gün cəmiyyət belə bir qərar verdi”.

 

A.Mirzəzadə “Freedom House”un kiçik partiyaların parlamentə keçmələri barədə dediklərinə də toxundu: “Siyasi partiyaları belə adlandırmaq artıq siyasi mədəniyyətsizlikdir. Bu, siyasi etikanın olmamasının göstəricisidir. İstənilən qeydiyyatdan keçən bir partiya cəmiyyətin bir hissəsidir. Biri var az, bir də var ki, çox deputatla təmsil olunmaq. Amma partiyanı kiçik və ya böyük adlandırmaq doğru deyil. Biz əgər o xarici QHT-nin əvvəlki illərdəki hesabatlarına baxsaq, bir qayda olaraq, Azərbaycana qarşı qərəzli, şişirdilmiş münasibətin şahidi olarıq. Bu baxımdan, belə qiymətlər ölkəmizdəki real qiymətləri heç zaman əks etdirmir. Sadəcə, xaricdə müəyyən dairələrin Azərbaycanla bağlı özünün istəklərini ortaya qoyur. Çalışırlar ki, ölkəmizdə olan əlaltıları parlamentdə təmsil olunsunlar. Bu isə heç bir zaman mümkün olmayacaq. Azərbaycan ona görə müstəqillik qazanmayıb ki, xaricdən müəyyən dairələrin istəyini yerinə yetirsin. Cəmiyyət hər seçkidən-seçkiyə öz iradəsini ortaya qoyur”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top