YapiKredi Müraciət Forması
Özəl Təhsil

Azərbaycanda məktəblərlə bağlı qərar qəbul edildi — Açıqlama

Azərbaycanda məktəblərlə bağlı qərar qəbul edildi — Açıqlama

Azərbaycanda məktəblərdə şagirdlərin sosial şəbəkələrə və zərərli internet məzmunlarına çıxışının məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb. Belə ki, məktəblərdə "TikTok" platformasına çıxış məhdudlaşdırılıb, həmçinin cinayət, narkotik vasitələr və zorakılıq kimi zərərli məzmunları əks etdirən 200-dən çox görüntüyə girişə məhdudiyyət tətbiq olunub.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir qərarın qəbul edilməsi olduqca əhəmiyyətlidir.

Azərbaycanda məktəblərlə bağlı qərar qəbul edildi — Açıqlama

"Çünki şagirdlər müəssisə daxilində sözügedən sosial platformadan zərərli istiqamətdə istifadə edirdilər. Buna görə də "TikTok" platformasına, eləcə də 200-dən çox zərərli məzmunu əks etdirən görüntülərə çıxış bloklanıb. Təbii ki, belə bir qərarın qəbul edilməsi olduqca əhəmiyyətlidir. Çünki bəzi hallarda müşahidə edirdik ki, şagirdlər dərsdən kənar vaxtlarda müxtəlif görüntülər çəkərək paylaşmağa maraq göstərirdilər. Dərslər başa çatdıqdan sonra "TikTok"da zərərli məzmunlu videolar çəkir və ya belə məzmunları izləyirdilər. Bəzi hallarda isə onlayn aqressiv oyunlara qoşulurdular və sair. Ona görə də bu qərarın qəbul edilməsi vacibdir. Bəzi hallarda görürük ki, şagirdlər zərərli kontentləri izlədikdən sonra eyni davranışları məktəb daxilində tətbiq etməyə çalışırlar. Bu isə, təbii ki, yolverilməzdir".

Ekspert əlavə edib ki, valideynlər də bu məsələdə məsuliyyət daşıyırlar:

"Onlar övladlarına aldıqları ağıllı telefonlarda və digər texnoloji cihazlarda valideyn nəzarəti funksiyası vasitəsilə bəzi platformalara girişi məhdudlaşdıra bilərlər. Düşünürəm ki, valideynlər bu imkanlardan istifadə etməlidirlər. Valideynlər dövlətin tətbiq etdiyi səviyyədə məzmun məhdudiyyətləri tətbiq edə bilməsələr də, öz imkanları daxilində müəyyən nəzarət mexanizmlərindən yararlana bilərlər. Yenə də düşünürəm ki, valideynlər bu məsələdə diqqətli olmalı, prosesə həssas yanaşmalıdırlar. Çalışmalıdırlar ki, övladları zərərli istiqamətlərə və vərdişlərə deyil, təhsilə və elmə yönəlsinlər. Zərərli məzmunlara bullinq, mobbinq, narkotik vasitələrlə bağlı görüntülər, cinayət hadisələrini əks etdirən videolar və digər bu kimi materiallar daxildir. Buna görə də qəbul edilən qərarı təqdirəlayiq hesab edirəm. Düşünürəm ki, şagirdlər üçün ən optimal yol elmə və təhsilə yönəlməkdir".

FH
Fidan Hacızadə
Müxbir