YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

İnternetdən mal alanların nəzərinə! — Qaydalar sərtləşdirilir

İnternetdən mal alanların nəzərinə! — Qaydalar sərtləşdirilir

Onlayn alış-veriş zamanı ödəniş qaydalarının dəyişdirilməsi gündəmdədir. Milli Məclisdə "Elektron ticarət haqqında" Qanuna təklif olunan dəyişikliklər elektron ticarətdə nağdsız ödəniş imkanlarının təkmilləşdirilməsini və istehlakçıların məlumatlandırılmasını nəzərdə tutur.

Bəs bu dəyişikliklər vətəndaşların onlayn alış-verişinə necə təsir edəcək? Yeni qaydalar alıcılar üçün hansı yenilikləri gətirəcək?

Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, elektron ticarətlə bağlı istehlakçılardan çoxsaylı şikayətlər daxil olur.

İnternetdən mal alanların nəzərinə! — Qaydalar sərtləşdirilir

Onun sözlərinə görə, bu problemlər illərdir davam edir:

"Ümumiyyətlə, ənənəvi ticarətlə elektron ticarət arasında ciddi rəqabət var. Müasir istehlakçılar elektron ticarətdən daha çox istifadə etməyə meyillidirlər. Lakin saxta malların, o cümlədən saxta dərmanların satışına da daha çox elektron ticarət platformalarında rast gəlinir. Vətəndaş sifariş verir, kuryer malı metro çıxışında və ya başqa bir yerdə təhvil verir, pulunu alır, lakin kassa çeki təqdim etmir. İstehlakçı sonradan görür ki, gətirilən məhsul sifariş etdiyi mal deyil. Nəticədə onun əlində yalnız kuryerin telefon nömrəsi qalır. Digər hallarda vətəndaş xarici elektron ticarət subyektlərindən mal sifariş edir, lakin məhsul onun tələbatına uyğun gəlmir. Bu zaman malın dəyişdirilməsi və ya pulun geri qaytarılması ilə bağlı problemlər yaranır. İstehlakçılar mürəkkəb texniki vasitələr sifariş edirlər, lakin məhsul zədələnmiş vəziyyətdə çatdırılır və məsuliyyət onların üzərinə qoyulur. Elektron ticarətdə istehlakçı hüquqlarının pozulması geniş yayılmış problemdir. Təəssüf ki, istehlakçılar bu sahədə fəaliyyət göstərən şirkətlərə bəzən həddindən artıq etibar edirlər. Məmişə tövsiyə edirəm ki, istehlakçılar Azərbaycanda ofisi, fiziki ünvanı və məsul şəxsləri olan elektron ticarət subyektlərinə üstünlük versinlər. Məsələn, Temu ilə bağlı da bizə şikayətlər daxil olur. Vətəndaş saat sifariş edir, pulunu ödəyir, lakin ona kartondan hazırlanmış saat göndərilir. Başqa bir istehlakçı hamam dəsmalı sifariş edir, amma ona cəmi 20 santimetr uzunluğunda dəsmal göndərilir. Təəssüf ki, istehlakçı hüquqlarının qorunması məsələsi lazımi səviyyədə diqqət görmür. 1995-ci ildə qəbul edilmiş istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunun yenilənməsi məsələsi də uzun müddətdir aktualdır. Elektron ticarətlə bağlı qanuna dəyişiklik edilməsini alqışlayıram. Lakin dəyişikliklər istehlakçıların real tələblərinə cavab verməli, istehlakçı maarifçiliyi də ön plana çəkilməlidir. Bundan başqa, elektron ticarət vasitəsilə alınan mallara bir çox hallarda servis xidməti göstərilmir. Əgər servis xidməti yoxdursa, həmin mal istehlakçının əlində yararsız vəziyyətdə qala bilər. Buna görə də qanunda bu kimi məsələlər nəzərə alınmalı, istehlakçının tələbatını ödəməyən malın dəyişdirilməsi və geri qaytarılması məsələləri dəqiq və qəti şəkildə tənzimlənməlidir".