Telefon nömrəsi və digər şəxsi məlumatların icazəsiz əldə edilməsi və yayılması son illərdə geniş müzakirə olunan məsələlərdəndir. Xüsusilə şəxsi məlumatların müxtəlif yollarla ələ keçirilməsi və üçüncü şəxslərlə paylaşılması vətəndaşların hüquqlarının pozulmasına səbəb ola bilər.
Telefon nömrəsinə və ya şəxsi məlumatlara icazəsiz giriş hansı hallarda hüquqi məsuliyyət yaradır?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, telefon nömrəsinin və digər şəxsi məlumatların icazəsiz əldə edilməsi və yayılması cinayət, inzibati və mülki məsuliyyət yarada bilər:

"Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına dair məlumatların, sənədlərin, video və foto materialların qanunsuz toplanılması və yayılması cinayət məsuliyyətinə səbəb ola bilər. Bu əməllərə görə bir ilədək islah işləri və ya 2 000 manatadək cərimə tətbiq oluna bilər. Ağırlaşdırıcı hallar olduqda isə iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər".
Onun sözlərinə görə, fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulması inzibati məsuliyyət də yaradır:
"Bu halda fiziki şəxslər 300–400 manat, vəzifəli şəxslər isə 1 500–2 000 manat məbləğində cərimələnə bilərlər. Bundan əlavə, mülki məsuliyyət də yarana bilər. Şəxs onun şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatların yayılmasını qanunsuz hesab edərsə, məhkəməyə müraciət edərək ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər".


