Dünya

Tramp onlara 3000 dollar verib ölkədən çıxarır

Tramp onlara 3000 dollar verib ölkədən çıxarır

Donald Tramp administrasiyası ABŞ-ni könüllü tərk etmələri üçün miqrant uşaqlara 3000 dollar ödənilməsini təklif etməyə başlayıb. Bu uşaqların arasında ən kiçiyinin cəmi 5 yaşı var.

Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəkillərə və hüquq-müdafiə təşkilatlarına istinadən məlumat yayıb.

Ötən il hakimiyyət orqanları yalnız valideyn müşayiəti olmadan gələn 14 yaşdan yuxarı yeniyetmələrə 2500 dollar təklif edirdi.

İki hüquq təşkilatının rəhbərinin sözlərinə görə, bu cür təklifləri həm İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) xidmətinin hüquqşünasları, həm də immiqrasiya hakimlərinin özləri edirlər.

"Acacia Center for Justice" təşkilatının rəhbəri Şayna Eyber son bir ayda ölkənin hər yerindən azyaşlı uşaqların, bəzən vəkilləri olmadan belə təkliflər alması barədə məlumatlar daxil olduğunu bildirib. Bəzi hallarda hakimlər xəbərdarlıq edirlər ki, bu təklif birdəfəlikdir və düşünmək üçün vaxt verilməyəcək. Eyber qeyd edib: "Uşaqlardan elə yerindəcə 3000 dollar müqabilində sığınacaq istəmək hüququndan imtina etmək kimi taleyüklü bir qərar qəbul etmələri tələb olunur".

Vaşinqtondakı "Amica Center for Immigrant Rights" təşkilatının direktoru Maykl Lükens bildirib ki, ICE hüquqşünaslarından uşaqlara "3000 dollarlıq stimul" təklif edilməsi ilə bağlı məktublar alıblar. Bu həftə analoji məktublardan biri onun 11 yaşlı müştərisinin işi üzrə daxil olub. Sərhəd Xidməti (CBP) artıq "CBP Home" tətbiqi vasitəsilə özünü deportasiya edənlərə 3000 dollar ödəyir, lakin hüquqşünaslar bu praktikanın məhkəmələrdə 14 yaşdan kiçik uşaqlara şamil edilməsini ilk dəfədir müşahidə edirlər.

Ədliyyə Nazirliyinin iyul ayına olan məlumatına görə, immiqrasiya məhkəmələrində valideyn müşayiəti olmayan uşaqlarla bağlı 16,5 mindən çox baxılmamış iş qalıb. Hakimlər onların vəkil tapması və sığınacaq müraciəti etməsi üçün ayrılan vaxtı qısaldırlar, təxirəsalmalar isə 21 günlə məhdudlaşdırılır. Bununla yanaşı, iyul ayında bu uşaqları təmsil edən hüquq təşkilatlarının federal maliyyələşməsi başa çatıb.

May ayında Brukinqs İnstitutu hesablayıb ki, Trampın dövründəki kütləvi deportasiyalar səbəbindən ABŞ vətəndaşlığı olan təxminən 145 min uşaq ən azı bir valideynindən ayrı düşüb. Tədqiqatçıların qiymətləndirməsinə görə, 2025-ci ilin yanvarından 2026-cı ilin aprelinədək ICE 400 minə yaxın əcnəbini saxlayıb və bundan təsirlənən uşaqların 36%-nin yaşı 6-dan aşağıdır. (musavat.com)

NE
Nihadə Eyyubova