Futbolçu Mauro İkardi ilə Vanda Nara arasında uzun müddətdir davam edən boşanma prosesi ilə bağlı qərar açıqlanıb. Milan məhkəməsi Naranın aylıq 250 min avro aliment tələbinə rədd cavabı verib.
Demokrat.az xəbər verir ki, bu barədə "La Nación" nəşri məlumat yayıb.
Oktyabrın 8-də açıqlanan qərara əsasən, İkardi ilə Naranın nikahı rəsmən pozulub. Məhkəmə Naranın boşanmadan sonra da aliment alması ilə bağlı tələbini təmin etməyib. Qərarda onun özünü dolandırmaq üçün kifayət qədər gəlirə və əmlaka malik olduğu bildirilib.
Nara evliliyi və iki qızının qayğısı səbəbindən sənət fəaliyyətinə başlaya bilmədiyini, karyerasını qurban verdiyini iddia etsə də, məhkəmə bu arqumenti əsaslı hesab etməyib. Qərarda onun İkardi ilə evliliyinin, xüsusilə futbolçunun "İnter"dəki tanınmış mövqeyinin, öz şöhrətinin artmasına təsir göstərdiyi də vurğulanıb.
Bundan əlavə, Nara məhkəmə xərclərinin üçdə ikisini İkardiyə ödəməli olacaq. Qeyd edək ki, hakim Anna Kattaneo iyun ayında da proses davam etdiyi müddətdə ödənilməsi tələb olunan müvəqqəti alimenti təsdiqləməmişdi.
İkardi qərarı "Instagram" hesabında paylaşaraq sevincini ifadə edib: "Bu gün bu qərarı və yeni bir dövrün başlanmasını qeyd edirəm. Qədəh qaldırmaq üçün səbəblər var".
Bununla belə, Naranın vəkili Ana Rozenfeld bildirib ki, məhkəmə İkardinin boşanmada Naranın təqsirli sayılması ilə bağlı tələbini qəbul etməyib. Onun sözlərinə görə, İtaliya məhkəməsi uşaqların qəyyumluğu, yaşayış yeri və aliment məsələləri üzrə qərar vermək səlahiyyətinə də malik deyil.
İkardi ilə Nara arasındakı hüquqi mübahisələr bununla yekunlaşmayıb. Futbolçunun Naranın adına keçirilmiş daşınmaz əmlakların geri qaytarılması ilə bağlı ayrıca iddiası Milanda davam edir.
Xatırladaq ki, 2014-cü ildə ailə quran cütlüyün Françeska və İzabella adlı iki qızı var. Onların münasibətlərindəki problemlərdən sonra İkardi 2024-cü ilin noyabrında Milanda boşanma iddiası qaldırıb.

Jalə


