Gündəm

"27 sentyabr erməni faşizminin məhvində başlanğıcdır" - Çingiz Qənizadə

27 sentyabr erməni faşizminin məhvində başlanğıcdır - Çingiz Qənizadə

"27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda başlanğıc oldu. 20 sentyabr 2023-cü ildə isə ölkənin bütün ərazisində suverenliyin təmin edilməsi prosesi tamamlandı və bununla da Azərbaycanda separatizm məhv edildi. Hər iki tarixi qələbəyə aparan yol 27 sentyabrdan keçir".

Demokrat.az xəbər verir ki, bu sözləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Anım Günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizə bir ömür borcluyuq, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Çingiz Qənizadə qeyd edib ki, 27 sentyabr işğal probleminin həm də gələcək nəsillərə saxlanmaması baxımından tarixi əhəmiyyət kəsb edir: "Bu gün artıq sülh dövründə yaşayırıq və regionda əldə edilən sabitlikdə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Ordumuzun, qəhrəman şəhid və qazilərimizin əvəzolunmaz əməyi var. Məhz bu gün bölgədə hərbi toqquşmaların, eskalasiyanın olmaması 27 sentyabrdan başlanan "Dəmir yumruq" gücünün nəticəsidir. Biz bölgəmizdə sülhün əbədi olmasını arzulayırıq. Ən əsası isə yeni nəsilin müharibə görməməsini istəyirik. O baxımdan, möhtərəm Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz misli görünməmiş bir tarix yazıb və bu tarix, Zəfərə gedən bu yol 27 sentyabrdan keçir".

Hüquq müdafiəçisi vurğulayıb ki, əlbəttə, dinc və danışıqlar yolu ilə işğal probleminə son qoyulmasını istərdik: "Elə buna görə uzun müddət danışıqlar getdi. Lakin nə keçmiş Minsk Qrupunun vasitəçiliyi problemə son qoydu, nə BMT qətnamələri yerinə yetirildi. Yekunda səbrimiz tükəndi və erməni faşizminin belini qırmaq əməliyyatına başladıq".

Hüquqşünas qeyd edib ki, 2019-cu ildə Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır – nöqtə" bəyanatı Azərbaycan tərəfindən sərt şəkildə rədd edildi, Prezident İlham Əliyevin buna cavab olaraq səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi!" ifadəsi Azərbaycanın mövqeyinin əsas siyasi tezislərindən birinə çevrildi: "Sonrakı dövrdə Ermənistan rəhbərliyinin hərbi ritorikası, Azərbaycanın sərhədlərində baş verən silahlı insidentlər və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən toqquşmalar vəziyyəti daha da gərginləşdirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra başlayan Vətən müharibəsi 44 gün davam etdi və düşmənin kapitulyasiyası ilə başa çatdı. Məhz 27 sentyabrdan Ordumuz başlanan əks-hücum əməliyyatları Ermənistanı 44 günə kapitulyasiyaya məcbur etdi".

Çingiz Qənizadə əlavə edib ki, bu gün qələbənin mahiyyətini yalnız tariximizin şanlı səhifəsi kimi deyil, həm də bizə böyük məsuliyyət yaradan müqəddəs əmanət kimi dərk etməliyik.

NE
Nihadə Eyyubova