Maraqlı Özəl

Peşəkar təmizlikçilər bu 5 məhsulu almağı məsləhət görmür

Peşəkar təmizlikçilər bu 5 məhsulu almağı məsləhət görmür

Ev təmizliyi üçün mağazalarda çoxsaylı məhsullar təklif olunur. Lakin peşəkar təmizlik mütəxəssislərinin fikrincə, reklam edilən bəzi vasitələr gözlənilən nəticəni vermir və hətta əlavə problem yarada bilər.

Demokrat.az "Southern Living"ə istinadən xəbər verir ki, "Molly Maid" şirkətinin prezidenti Maykl Silva-Neş bəzi təmizlik məhsullarının peşəkarlar tərəfindən üstün tutulmadığını bildirib. Onun sözlərinə görə, uzun illərdir istifadə olunan sadə və sınaqdan keçmiş vasitələr bir çox hallarda yeni məhsullardan daha effektivdir.

Mütəxəssis ilk növbədə dezinfeksiyaedici salfetlərə diqqət çəkib. Onun sözlərinə görə, bu salfetlərin effektiv olması üçün səthin bir neçə dəqiqə nəm qalması lazımdır. Adi istifadə zamanı isə buna nail olmaq çətin olur. Buna görə bəzi hallarda sabun və su daha səmərəli seçim hesab edilir.

Peşəkarın almağı məsləhət görmədiyi digər məhsul birdəfəlik tozçəkənlərdir. Silva-Neş onların həm baha, həm də israfçı olduğunu düşünür. O, bunun əvəzinə mikrofiber parçaların istifadəsini tövsiyə edir.

Döşəməyə əlavə parlaqlıq verən vasitələr də siyahıda yer alıb. Mütəxəssisin sözlərinə görə, bu məhsulların bir qismi əslində təmizləyici deyil, mum əsaslı örtükdür. Döşəmə əvvəlcədən yaxşı təmizlənmədikdə, həmin qat çirk, tük və digər qalıqları özündə saxlaya bilər. Sonradan isə mum təbəqəsini təmizləmək əlavə iş tələb edir.

Paslanmayan polad üçün xüsusi parladıcılar da peşəkarların ilk seçimi deyil. Belə məhsullardan istifadə etməzdən əvvəl səthin qida qalıqları və çirkdən tam təmizlənməsi vacibdir. Əks halda parladıcı sadəcə çirkin üzərini örtə bilər.

Siyahının sonuncu məhsulu isə ammiak tərkibli şüşə təmizləyiciləridir. Mütəxəssis bu vasitələrdən istifadə zamanı xüsusi ehtiyatlı olmağı tövsiyə edir. Çünki ammiakın digər məişət kimyəvi vasitələri, xüsusilə xlor tərkibli məhsullarla qarışdırılması təhlükəli və zəhərli qazların yaranmasına səbəb ola bilər.

Mütəxəssis buna görə ammiaksız şüşə təmizləyicilərinə üstünlük verməyi və müxtəlif məişət kimyəvi vasitələrini bir-biri ilə qarışdırmamağı məsləhət görür.

Jalə Demokrat.az

D
demokrat.az