İdman Özəl

Ulduz futbolçudan etiraz: "200 milyona eşşək də ala bilərsiniz"

Ulduz futbolçudan etiraz: 200 milyona eşşək də ala bilərsiniz

“Sandrlend”in hazırkı, “Lill”in isə keçmiş futbolçusu olan belçikalı Tomas Meunye transfer bazarında oyunçuların qiymətlərinin çılğın şəkildə artmasını tənqid edib. O, transfer məbləğinin artıq futbolçunun səviyyəsini qiymətləndirmək üçün məntiqli meyar olmadığını vurğulayıb.

Demokrat.az xəbər verir ki, Meunyenin açıqlamaları mərakeşli Ayub Buaqqadinin 100 milyon avro qarşılığında “Mançester Siti”yə transferindən sonra səslənib.

Meunye 2024/25 mövsümündə “Lill”də Buaqqadi ilə birlikdə çıxış edib və mərakeşli yarımmüdafiəçinin potensialını yaxından tanıyır. O, gənc futbolçunun istedadını tərifləsə də, ingilis klubunun onun transferi üçün ödədiyi nəhəng məbləğlə oyunçunun real dəyərini əlaqələndirməkdən imtina edib.

35 yaşlı futbolçu “Foot Mercato”nun yaydığı açıqlamasında deyib: “Ayub inanılmaz futbolçudur. Amma artıq puldan danışmağa ehtiyac yoxdur, çünki transfer bazarında heç bir məntiq qalmayıb.”

Meunye sözlərinə belə davam edib: “200 milyon funt-sterlinqə eşşək də ala bilərsiniz, 20 milyona isə çox yaxşı futbolçu əldə edə bilərsiniz. Artıq bunun heç bir mənası yoxdur.”

Meunye transfer bazarına yönəltdiyi tənqidlərə baxmayaraq, Buaqqadinin tərifə layiq olduğunu vurğulayıb. O, gənc futbolçunun “Lill”in əsas komandasında debüt etdiyi vaxtdan etibarən inkişafını diqqətəlayiq şəkildə davam etdirdiyini bildirib.

Buaqqadi Fransa klubunun formasında 96 oyuna çıxıb. Daha sonra 2026-cı il Dünya Kubokunda Mərakeş millisinin heyətində göstərdiyi performansla diqqətləri daha çox üzərinə çəkib. Mərakeşin turnirdə keçirdiyi 6 oyunun 5-də o, ilk “11-lik”də meydana çıxıb.

Gənc yarımmüdafiəçinin parlaq çıxışı “Arsenal”, “Mançester Yunayted” və “Bayern Münhen” də daxil olmaqla bir sıra Avropa nəhənglərini onun transferi uğrunda mübarizəyə cəlb edib. Lakin sonda futbolçunun transferini “Mançester Siti” həyata keçirib.

Buaqqadi ingilis klubuna 100 milyon avro qarşılığında keçib. “Lill” üçün rekord olan bu transfer oyunçu qiymətlərindəki kəskin artımın, Meunyenin sərt şəkildə tənqid etdiyi tendensiyanın bariz nümunəsinə çevrilib.

Jalə Demokrat.az

D
demokrat.az