2026-2027 mövsümündə Çempionlar Liqasının liqa mərhələsinin ilk həftəsi qollar, böyük hesablı nəticələr və rekordlarla yadda qaldı. İlk həftənin əsas qəhrəmanları arasında Lamin Yamal, Erlinq Haaland, Maykl Olise və Harri Keynin parlaq çıxışları yer aldı.
Demokrat.az xəbər verir ki, həftənin ən böyükhesablı qələbəsini “Slovan Bratislava”nı 6:1 hesabı ilə məğlub edən PSJ qazandı. “Bayern Münhen”, “Barselona” və “Mançester Yunayted” də turnirə böyükhesablı qələbələrlə başladı. “Arsenal” “Napoli”ni 1:0, “Liverpul” isə “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub etdi.
“Real Madrid” “İnter”i çətinliklə 2:1 hesabı ilə üstələyərkən, “Mançester Siti” “Porto” səfərindən 2:0 hesablı qələbə ilə qayıtdı.
Aşağıda ESPN-in məlumatlarına əsasən, ilk həftənin diqqətçəkən rəqəmləri və statistik göstəriciləri təqdim olunur.
Mbappe Raulun rekordunu təkrarladı
Kilijan Mbappe Raulun 71 qolluq göstəricisinə çataraq UEFA Çempionlar Liqası tarixinin bombardirlər siyahısında beşinci pilləyə yüksəlib. O, 140 qolla Kriştiano Ronaldo, 129 qolla Lionel Messi, 109 qolla Robert Levandovski və 90 qolla Kərim Benzemadan sonra qərarlaşıb.
Viniçius Junior “İnter”ə qarşı matçda 9 top ələ keçirərək Çempionlar Liqasındakı bir oyunda özünün ən yüksək göstəricisinə çatıb. Bu, həmçinin 2008-ci ilin dekabrında “Yuventus”a qarşı oyunda 12 top ələ keçirən Qonsalo İquainindən sonra turnirdə ev oyununda hücum xəttində çıxış edən “Real Madrid” futbolçusu üçün ən yüksək göstəricidir.
Tibo Kurtua isə UEFA Çempionlar Liqasında 100-cü oyununa çıxan 56-cı futbolçu olub.
Mbappe və qardaşının paradoksu
İtan Mbappe “Lill”in “Real Betis”ə məğlub olduğu oyunda karyerasında bütün turnirlər nəzərə alınmaqla ilk dəfə qırmızı vərəqə alıb. Bu, futbolçunun Çempionlar Liqasındakı cəmi üçüncü oyunu idi.
Bunun əksinə, onun böyük qardaşı Kilijan Mbappe turnirdə keçirdiyi 99 oyunun heç birində qırmızı vərəqə görməyib.
“Bayern” tarixə keçir
“Bayern Münhen” 900 qol həddini keçərək Çempionlar Liqası tarixində bu göstəriciyə çatan ikinci komanda olub. İlk sırada 1139 qolla “Real Madrid” qərarlaşıb. “Barselona” 767 qolla üçüncü, “Mançester Yunayted” isə 549 qolla dördüncüdür.
Maykl Olise 2026-cı ildə bütün turnirlərdə 17 qol və 17 məhsuldar ötürmə ilə ümumilikdə 34 qola töhfə verib. Avropanın beş böyük liqasında çıxış edən futbolçular arasında ondan daha yaxşı göstəriciyə yalnız komanda yoldaşı Harri Keyn sahibdir. İngiltərəli hücumçu 34 qol və 5 məhsuldar ötürmə ilə ümumilikdə 39 qola töhfə verib.
Fransalı ulduz Çempionlar Liqasındakı karyerasında ən azı 3 qola töhfə verdiyi dördüncü matçını keçirib. O, 2024-cü ilin sentyabrında turnirdə debüt etdikdən sonra bu uğura ən çox çatan futbolçu kimi Rafinyanın rekordunu təkrarlayıb.
Harri Keyn isə Çempionlar Liqasında ardıcıl 8 oyunda ümumilikdə 10 qol vurub. Daha bir oyunda fərqlənəcəyi təqdirdə “Bayern Münhen” futbolçusunun turnirdəki ən uzun qol seriyasına sahib Robert Levandovskinin rekordunu təkrarlayacaq. Levandovski 2019-2021-ci illər arasında iki dəfə ardıcıl 9 oyunda qol vurub. Turnir tarixində ən uzun seriya isə 2017-2018-ci illərdə ardıcıl 11 oyunda fərqlənən Kriştiano Ronaldoya məxsusdur.
Keyn həmçinin 2024-2025 mövsümündən etibarən son üç mövsümdə Çempionlar Liqasında ən çox qola töhfə verən futbolçuların başında gəlir. İngiltərəli hücumçu 26 qol və 5 məhsuldar ötürmə ilə 31 qola töhfə verib. O, ən yaxın rəqibləri Usman Dembele və Rafinyanı 3 töhfə qabaqlayır. Hər iki futbolçunun aktivində 28 qola töhfə var.
Jalə Demokrat.az


