Ankara mərkəzli 22 vilayətdə yeni nəsil cinayətkar təşkilata qarşı keçirilən əməliyyat zamanı 19-u hüquqi prosesdə olan uşaq olmaqla 32 şübhəli müəyyənləşdirilib, onlardan 27-si saxlanılıb.
Demokrat.az xəbər verir ki. Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Vilayət Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsinin apardığı araşdırmalar çərçivəsində sosial media və kommunikasiya platformalarında cinayət xarakterli paylaşımlar edən və “C31K” adlı yeni nəsil cinayətkar təşkilatın tərkibində fəaliyyət göstərdikləri ehtimal olunan 19-u hüquqi prosesdə olan uşaq olmaqla 32 şübhəli müəyyən edilib.
Müəyyənləşdirilib ki, şübhəlilər “Telegram”, “Discord”, “X” və “YouTube” başda olmaqla müxtəlif platformalarda körpə və uşaqlara aid pornoqrafik görüntüləri paylaşaraq yaymaq, milli və mənəvi dəyərləri təhqir edən paylaşımlar etmək, Türkiyə bayrağının yandırılması, heyvanlara işgəncə verilməsi və öldürülməsinə dair görüntüləri paylaşmaq kimi əməllər törədiblər.
Şübhəlilərin həmçinin cəmiyyətdə həssaslıq yaradan aktual hadisələrdən və ictimaiyyət tərəfindən tanınan şəxslərin yaxınlarını itirməsindən sui-istifadə edərək onların ailə üzvlərinin və yaxınlarının ünvanları ilə bağlı saxta məlumatlar verdikləri müəyyənləşdirilib.
Onların görüntülü, yazılı və səsli mesajlar vasitəsilə zorakılıq, təhdid, şantaj, təhqir, eləcə də qorxu və panika yaratmağa yönəlmiş məzmunları onlayn qruplarda paylaşdıqları da aşkarlanıb.
Bundan başqa, şübhəlilərin yeni tədris ilinin başlanması zamanı üç müxtəlif vilayətdə yerləşən üç ayrı məktəbə silahlı hücum hazırlığında olduqlarına dair paylaşımlar etdikləri müəyyən edilib.
Baş Prokurorluğun göstərişi əsasında 32 şübhəlinin saxlanılması barədə qərar verilib. Ardınca Ankara mərkəz olmaqla 22 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 27 nəfər saxlanılıb, aşkar edilən rəqəmsal materiallar araşdırılmaq üçün müsadirə edilib.
Digər şübhəlilərin saxlanılması istiqamətində istintaqın hərtərəfli və diqqətlə davam etdirildiyi bildirilib.
Jalə Demokrat.az


