İdman Özəl

Klub sponsorundan iddia: "Fənərbağça" 70-80 milyon avro pul itirib

Klub sponsorundan iddia: Fənərbağça 70-80 milyon avro pul itirib

“Fənərbağça” Ali Divan Qurulunun üzvü və klubun 27 illik nəqliyyat sponsoru Hürer Fethi Gündüz Türkiyə futbolunda tətbiq olunan legioner qaydasının klublara yaratdığı iqtisadi problemlər barədə danışıb.

Demokrat.az-ın məlumatına görə, Gündüz “Fanatik”ə açıqlamasında bildirib ki, “Fənərbağça”nın son dövrdə yaşadığı vəziyyət legioner limitinin yaratdığı maliyyə itkilərinin ən bariz nümunəsidir. Onun sözlərinə görə, klubun yalnız futbolçulara ödənilən transfer və itirilmiş bazar dəyərləri baxımından 70-80 milyon avro həcmində iqtisadi itki ilə üzləşdiyi düşünülür. Müqavilələrin ləğvi zamanı yaranan maaş və digər öhdəliklər isə bu məbləğə daxil deyil.

O qeyd edib ki, Cengiz Ünder, Sofian Amrabat, Dieio Karlos və Antoni Musaba üçün ümumilikdə 45,5 milyon avro civarında transfer və icarə xərci çəkilib. Çağlar Söyüncü və Bekao üçün ödənilən məbləğlərlə yanaşı, Anderson Taliskanın da vəziyyəti nümunə göstərilib. Gündüzün fikrincə, Taliska kimi məhsuldar futbolçunun müqaviləsinin kontingent təzyiqi səbəbindən ləğv edilməsi klub üçün ciddi iqtisadi problem yaradıb.

Gündüz bildirib ki, legioner limiti klubların transfer bazarındakı danışıqlar gücünü də zəiflədir. Onun sözlərinə görə, digər klublar Türkiyə təmsilçisinin müəyyən futbolçuları məcburən göndərməli olduğunu bildikləri üçün onların real bazar qiymətini ödəməyə tələsmirlər. Nəticədə transfer pəncərəsinin sonuna yaxın futbolçuların əvvəlcə icarəyə verilməsi, daha sonra isə ödənişsiz icarə və müqaviləyə xitam variantları gündəmə gəlir.

"Fənərbağça"lı funksioner legioner futbolçu sayının məhdudlaşdırılması əvəzinə yerli oyunçuların yetişdirilməsinə iqtisadi təşviqlərin artırılmasını təklif edib. O, akademiyasından futbolçu yetişdirən, gənc türk oyunçulara daha çox şans verən və onları xaricə transfer edən klubların maliyyə baxımından mükafatlandırılmasının daha effektiv model olduğunu vurğulayıb.

Jalə Demokrat.az

D
demokrat.az