İspaniya La Liqasının 4-cü turunda “Real Betis”ə 1:0 hesabı ilə uduzaraq bu mövsümdə ilk məğlubiyyətini alan “Real Madrid”də milli futbolçu Arda Gülərin komanda yoldaşı Din Heysenlə yaşadığı mübahisə gündəm olub.
Demokrat.az xəbər verir ki, komandanın kapitanı Tibua Kurtua araya girərək ikisini ayırıb. Tərəflər arasındakı mübahisənin səbəbi də üzə çıxıb.
“Real Madrid” dünən axşam İspaniya La Liqasının 4-cü turunda səfərdə qarşılaşdığı “Real Betis”ə 1:0 hesabı ilə məğlub olub və bu mövsümdə ilk dəfə meydanı xalsız tərk edib.
Qarşılaşmaya ilk 11-likdə başlayan türk futbolçu Arda Gülər nümayiş etdirdiyi futbolla böyük rəğbət qazanıb və komandası məğlub olmasına baxmayaraq matçın ən yaxşı oyunçusu seçilib. 65 dəqiqə meydanda qalan Arda Gülər komanda yoldaşlarına 7 zərbə imkanı yaradıb, lakin “Real Madrid” futbolçuları bu fürsətlərdən yararlana bilməyib.
45+3-cü dəqiqədə sarı vərəqə alan və hələ də bunun əsəbini üzərindən ata bilməyən Arda həmin dəqiqədə qazanılan künc zərbəsini yerinə yetirmək üçün topun arxasına keçib.
Futbolçu zərbəni yerinə yetirmək üçün hakimin fit çalmasını gözlədiyi vaxt VAR-dan gələn xəbərdarlıqdan sonra hakim topun dirəyə dəyərək meydanı tərk etdiyini və qapıçının topa toxunmadığını bildirib. Bununla da künc zərbəsi qərarını ləğv edərək aut təyin edib.
Aut zərbəsi yerinə yetirildikdən sonra isə ilk hissənin başa çatdığını bildirən fit səslənib. İki komandanın futbolçularının soyunub-geyinmə otağına doğru getdiyi vaxt Arda Gülər ilə Din Heysen arasındakı qızğın söhbət kameralara düşüb.
İspaniya mənbələri Heysenin dəyişdirilən qərardan sonra Arda Gülərə “Niyə bu qədər gözləyirsən, tez yerinə yetir!” deyə reaksiya verdiyini iddia edib.
Ardanın da mənasız hesab etdiyi bu reaksiyaya əsəbiləşərək “Hakim fit çalmadan bunu necə yerinə yetirim?!” cavabını verdiyi bildirilib.
Komandanın kapitanı Kurtua araya girərək futbolçuları sakitləşdirib və mübahisənin daha da böyüməsinin qarşısını alıb.
İspaniya mətbuatında Heysenin Arda Gülərin komandadakı ən yaxın dostu olduğu qeyd edilir.





Jalə Demokrat.az


