Nevroloq və psixoloqlar insan psixologiyasına müsbət təsir edən rəngləri açıqlayıb.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi ən çox azaldan və sakitləşdirici effekt verən rənglər mavi və yaşıldır. Bu rənglər beyində sakitlik siqnalı yaradır, ürək döyüntüsünü normallaşdırır və qan təzyiqini aşağı salır.
Məlumata görə, mavi rəng insanın şüuraltında təhlükəsizlik və sabitliklə, yaşıl rəng isə harmoniya və bərpa ilə assosiasiya olunur.
ABŞ-ın Rochester Universitetinin 2024-cü ildə apardığı tədqiqata əsasən, mavi rəngə 10 dəqiqə baxmaq qan təzyiqini orta hesabla 8 faiz aşağı salır. Yaşıl rəngə baxmaq isə diqqəti cəmləməyə və baş ağrılarının intensivliyini azaltmağa kömək edir.
Həkimlər iş və istirahət məkanlarında bu rənglərdən istifadə etməyi tövsiyə edirlər. Bildirilir ki, iş otaqlarında yaşıl detallardan istifadə məhsuldarlığı artırır, yataq otağında mavi tonlara üstünlük verilməsi isə yuxu keyfiyyətini yaxşılaşdırır.
Qeyd olunur ki, qırmızı və narıncı kimi isti rənglər, əksinə, aqressiya və həyəcanı stimullaşdırdığı üçün istirahət zonalarında məhdud şəkildə istifadə edilməlidir.
Mütəxəssislər vurğulayırlar ki, gündəlik 15 dəqiqəlik təbiətlə təmas, xüsusilə yaşıl landşaftlara baxış, bir sıra hallarda medikamentoz müalicə ilə müqayisə edilə biləcək effekt verir.
Jalə Demokra.az


