İdman Özəl

Transferdə böyük sürpriz: Zaha Avropaya qayıdır

Transferdə böyük sürpriz: Zaha Avropaya qayıdır

Son olaraq MLS-də "Charlotte FC" formasını geyinən "Qalatasaray"ın keçmiş futbolçusu Vilfrid Zaha Avropa futboluna qayıtmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, İtaliya A Seriyasına fırtına kimi başlayan "Roma" transfer pəncərəsi başa çatmasına baxmayaraq, baş məşqçi Qasperininin tələbləri doğrultusunda transfer çalışmalarını davam etdirir.

Klubun idman direktoru Toni D'Amiko hücum xəttinin sol cinahına yaradıcı, içəriyə doğru hərəkət edən vinger cəlb etmək üçün gizli əməliyyat aparır.

"Ştutqart"da çıxış edən Ceymi Levellinqin transferinin son anda baş tutmamasından sonra D'Amiko alternativ futbolçulara yönəlib. Onun siyahısında kifayət qədər önəmli adlar yer alır.

İtaliya nəhəngi təxminən bir ildir sol cinahda qol vurmaq bacarığı yüksək olan və hücum zamanı mərkəzə doğru irəliləyə bilən futbolçunun çatışmazlığını hiss edir. Məşqçilər korpusu indiyədək bu mövqedə Rodriqo Mora və Lorenso Pelleqriniyə şans verib. Lakin uzun mövsümü nəzərə alan klub rəhbərliyi azad agent statusunda olan futbolçuları da nəzərdən keçirməyə başlayıb.

İtaliya mətbuatında yayılan xəbərlərə görə, "Roma"nın sol cinah üçün transfer siyahısının başında 2023-cü ildə də İtaliya paytaxtına keçidi gündəmə gələn Vilfrid Zaha dayanır.

"Kristal Pelas"ın əfsanəsinə çevrilən və Premyer Liqadakı yüksək səviyyəli çıxışlarından sonra "Qalatasaray"a transfer olunan Fil Dişi Sahilindən olan ulduz son olaraq ABŞ-da "Charlotte" formasını geyinib.

Transfer hüquqları özündə olan və azad agent statusunda bulunan 33 yaşlı təcrübəli cinah oyunçusu "Roma"nın hücum xəttini gücləndirmək baxımından ən cəlbedici variantlardan biri hesab olunur.

Qeyd edək ki, İtaliya A Seriyasında klublar transfer pəncərəsi bağlandıqdan sonra da azad agent statusunda olan futbolçuları heyətə cəlb edə bilirlər. Vilfrid Zaha "Charlotte FC" formasında keçirdiyi 48 rəsmi matçda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Beləliklə, o, ümumilikdə 21 qola birbaşa töhfə verib.

Jalə Demokrat.az

D
demokrat.az