Cəmiyyət Özəl

Təcili! İpoteka faizləri bu səviyyəyə endirilə bilər

Təcili! İpoteka faizləri bu səviyyəyə endirilə bilər

Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələri və şərtləri mənzil almaq istəyən vətəndaşlar üçün əsas maliyyə məsələlərindən biri olaraq qalır. Hazırda dövlət xətti ilə verilən adi ipoteka kreditlərində illik faiz dərəcəsi 8%-dək, güzəştli ipotekada isə 4%-dəkdir.

Bəs Azərbaycan ipoteka faizləri baxımından qonşu ölkələrlə müqayisədə hansı mövqedədir? İpotekanın daha geniş kütlə üçün əlçatan olması üçün faizlərin aşağı salınması, kredit şərtlərinin yüngülləşdirilməsi, yoxsa müddətin uzadılması daha effektiv addım ola bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, bu istiqamətdə çox ciddi islahatlara ehtiyac var.

Təcili! İpoteka faizləri bu səviyyəyə endirilə bilər

Onun sözlərinə görə, hazırda güzəştli ipotekada faiz dərəcəsi 4%-dir.

"Adi ipotekada isə 7–8% arasındadır. Güzəştli ipoteka 3%-ə, adi ipoteka isə 6%-ə endirilə bilər. Bu, bir şərtlə mümkündür ki, bu istiqamətdə əlavə maliyyə mənbələri tapılsın. Çünki hər il ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılan məbləğ məhduddur və bu istiqamətdə yeni mənbələrin tapılması zəruridir. Bu mənbələr Pensiya Fondu, beynəlxalq donor təşkilatları və ya digər dövlət ayırmaları ola bilər. Əgər maliyyələşmənin genişləndirilməsi və ayrılan vəsaitlərin artırılması islahatların bir istiqaməti olarsa, digər istiqamətlər də yaddan çıxarılmamalıdır. Çünki əks təqdirdə bazarda çox böyük qiymət artımı ilə üzləşə bilərik. İpotekaya müraciətlərin sayı arta bilər ki, bu da daşınmaz əmlakın qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Biz, eyni zamanda, güzəştli ipoteka məbləğinin 100 min manatdan 150 min manata, adi ipoteka məbləğinin isə 150 min manatdan 300 min manata artırılmasının tərəfdarıyıq. Çünki hazırda mənzil qiymətləri yüksəkdir. Yalnız bu yolla vətəndaşların mənzilə çıxış imkanlarını genişləndirmək olar. Ən azı bir və ya ikiotaqlı mənzillərin alınması üçün məhz kredit məbləğinin artırılması vacib şərtlərdən biridir. İlkin ödənişlə bağlı da dəyişiklik etmək zəruridir. Hazırda minimum ilkin ödəniş 15% olsa da, banklar öz risklərini nəzərə alaraq 20, 25, hətta 30% civarında ilkin ödəniş tələb edirlər. Bu da ipoteka almaq istəyən vətəndaşlar üçün müəyyən problemlərin yaranmasına səbəb olur", - deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, minimum ilkin ödənişin 15%-dən 10%-ə endirilməsi və eyni zamanda bankların əlavə ilkin ödəniş tələbinə 5%-dən artıq limit qoyulması bu istiqamətdə ipotekanın vətəndaşlar üçün daha əlçatan olmasına gətirib çıxara bilər.

"Yəni ilkin ödəniş 15%-dən artıq olmasa, müraciət edənlərin sayı daha da arta bilər. Bununla paralel olaraq, tikinti şərtlərinin və tikinti prosesinin təşviqi istiqamətində də islahatların aparılması vacibdir. Çünki qeyd olunan şərtlər həyata keçirilsə, müraciətlərin sayı arta və bayaq qeyd etdiyim kimi, daşınmaz əmlakın qiymətlərində ciddi artım baş verə bilər. Belə olduğu təqdirdə bazar və müştərilər çox ciddi problemlərlə üzləşə bilər. Düşünürəm ki, tikinti həcmi artırılarsa, bu, qiymətlərin tənzimlənməsinə kömək edə bilər. Torpaq sahələri hazırda bahadır. Torpaq sahələrinin tikinti şirkətlərinə tikinti məqsədilə ayrılması üçün müəyyən güzəştlərin, kreditləşmə imkanlarının və ya sosial layihələrin şəbəkəsinin və həcminin genişləndirilməsi istiqamətində addımlar atılarsa, tikinti həcminin artması qiymətlərin tənzimlənməsinə gətirib çıxara bilər", - AQC sədri sözlərinə əlavə edib.

Vüqar Oruc əlavə edib ki, ipoteka müddətinin uzadılmasına gəlincə, bu da müsbət nəticə verə bilər.

"Pensiya yaşı hazırda 65 yaş müəyyən edilib. Gənclər 20 il deyil, 25–30 il müddətində ödəniş etmək imkanına malik olmalıdırlar. Bu istiqamətdə müddətin artırılması həm aylıq ödənişlərin aşağı düşməsinə, həm də əməkhaqqı səviyyəsi nəzərə alınmaqla daha çox vətəndaşın ipoteka krediti almaq imkanının yaranmasına gətirib çıxara bilər. Paralel olaraq, minimum əməkhaqqı səviyyəsinin də artırılması vacib şərtlərdən biridir. Özəl şirkətlərdə real əməkhaqqı hazırda 700–800 manatın üzərindədir. Belə olan təqdirdə bir çox müəssisələr faktiki olaraq yüksək əməkhaqqı versələr də, sənədləşmə zamanı vergidən yayınmaq üçün 400, 450 və ya 500 manat civarında əməkhaqqı göstərirlər. Məsələn, minimum əməkhaqqı 600, 660 və ya 700 manat olarsa, bu problem də müəyyən qədər aradan qalxa bilər və daha çox vətəndaş ipoteka krediti üçün müraciət etmək imkanı əldə edər", - deyə Vüqar Oruc fikrini tamamlayıb.

Nuray Paşşanlı Demokrat.az

D
demokrat.az