Texnologiya

iOS 27 Beta yayımlandı: Hansı yeniliklər var?

iOS 27 Beta yayımlandı: Hansı yeniliklər var?

Apple tərtibatçılar üçün iOS 27-nin yeni beta versiyasını istifadəyə verib. Beta 8-in əməliyyat sisteminin geniş istifadəçilər üçün təqdim edilməsindən əvvəlki son sınaq versiyalarından biri olması gözlənilir.

Şirkətin yeni yeniləməsində əsas diqqət süni intellekt imkanlarının genişləndirilməsinə, Siri-nin yenilənməsinə, interfeys dəyişikliklərinə və performans təkmilləşdirmələrinə yönəldilib.

Siri süni intellektlə yenilənir

iOS 27-də Siri daha geniş süni intellekt imkanlarına sahib olacaq. Apple Intelligence və Apple Foundation Models əsasında yenidən qurulan köməkçinin istifadəçilərlə daha təbii dialoq aparması nəzərdə tutulur.

Yenilənmiş Siri istifadəçinin əvvəlki kontekstini nəzərə almaq, daha geniş məlumat bazasından yararlanmaq, ekrandakı elementləri müəyyənləşdirmək və tətbiqlər daxilində daha mürəkkəb əməliyyatları yerinə yetirmək imkanları əldə edəcək.

Siri üçün Dynamic Island ilə inteqrasiya olunan yeni vizual interfeys də hazırlanıb. Bundan əlavə, istifadəçilərin müxtəlif cihazlarda əvvəlki söhbətlərə nəzər salmasına imkan verən ayrıca Siri tətbiqinin təqdim ediləcəyi bildirilir.

Süni intellekt imkanları Fotoşəkillər, Safari, Parollar, Mail, Mesajlar, Telefon, Qısayollar və Ev tətbiqlərinə də inteqrasiya ediləcək.

“Liquid Glass” dizaynında dəyişiklik

iOS 27-də əməliyyat sisteminin interfeysində də yeniliklər olacaq. “Liquid Glass” dizaynı təkmilləşdiriləcək və istifadəçilərə interfeysdəki şəffaflıq səviyyəsini tənzimləmək imkanı verən yeni parametr əlavə olunacaq.

Bundan başqa, Fotoşəkillər tətbiqində açar sözlər və ulduz sistemi, fərdiləşdirilə bilən slayd-şoular, Mesajlar tətbiqində yeni göndərmə imkanları və FaceTime üçün “Dual Capture” funksiyası təqdim ediləcək.

AirPods üçün fərdi ekvalayzer parametrləri, yeni bərpa seçimləri, Apple Pay-də kartlar arasında keçidin sadələşdirilməsi və süni intellekt vasitəsilə divar kağızlarının yaradılması da yeniləmənin yenilikləri sırasındadır.

Qeyd edək ki, iOS 27 Beta 8 hazırda tərtibatçılar üçün nəzərdə tutulub. Yeni funksiyaların yekun versiyada hansı formada təqdim ediləcəyi sınaq prosesinin nəticələrindən asılı olacaq.

Demokrat.az

D
demokrat.az