İspaniyanın “Barselona” klubu heyətinə yeni hücumçu cəlb edib.
Demokrat.az xəbər verir ki, kataloniyalılar İngiltərənin “Arsenal” klubunda çıxış edən braziliyalı forvard Qabriel Jezusun transferini rəsmən açıqlayıb.
29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Transferin “Barselona”ya 10 milyon avroya başa gəldiyi bildirilir. Razılaşmaya əsasən, “Arsenal” braziliyalının yeni klubunda göstərəcəyi nəticələr və komandanın əldə edəcəyi uğurlardan asılı olaraq əlavə bonuslar da qazana bilər.
Qabriel Jezus 2022-ci ilin yayında “Mançester Siti”dən “Arsenal”a keçmişdi. O, London təmsilçisinin formasında bütün turnirlər üzrə 123 matçda meydana çıxıb, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.
Braziliyalı hücumçunun “Arsenal”la əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatmalı idi.
“Transfermarkt”ın məlumatına görə, Qabriel Jezusun hazırkı bazar dəyəri 17 milyon avro təşkil edir.


