Körpələrin erkən yaşda ekranla tanış olması onların psixi və fiziki inkişafında ciddi fəsadlara yol açır.
Mütəxəssislərin tövsiyələrinə görə, 18-24 aya qədər körpələrin telefon, planşet və ya televizor qarşısında vaxt keçirməsi yolverilməzdir.
Həkimlər bildirirlər ki, 0-18 ay arası dövrdə uşaq beyni və görmə sistemi sürətlə formalaşır. Bu mərhələdə canlı ünsiyyəti və hərəkətli oyunları ekranla əvəz etmək nitq ləngiməsinə, diqqət dağınıqlığına və yuxu rejiminin pozulmasına gətirib çıxarır. Yalnız uzaqda yaşayan doğmalarla qısa görüntülü zənglər müstəsna hal kimi qəbul edilir.
18 aydan sonra isə uşaqlara ekran icazəsi yalnız valideynin aktiv iştirakı ilə verilə bilər. 2-5 yaş arası uşaqlar üçün isə gündəlik norma maksimum 1 saatla məhdudlaşdırılmalıdır. Hətta bu müddətdə də seçilən məzmunun maarifləndirici olması vacib şərt sayılır.


