Türkiyə həm öz regionunda, həm də bütün dünyada sülh, əmin-amanlıq və sabitlik naminə işləməyə davam edəcək.
Demokrat.az xəbər verir ki, "Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdəki çıxışında bildirib.
"Türkiyə onu əhatə edən regionda münaqişələrin dialoq və diplomatiya yolu ilə nizamlanmasına görə məsuliyyəti öz üzərinə götürür. Biz təkcə öz regionumuzda deyil, həm də bütün dünyada sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün səylərimizi bundan sonra da əsirgəməyəcəyik", - Ərdoğan bildirib.
O vurğulayıb ki, Türkiyə ölkələrin və təşkilatların Qərb bazarlarına çıxışının təmin edilməsində, xüsusən də enerji dəhlizlərinin şaxələndirilməsində və geosiyasi risklərin idarə olunmasında həlledici rol oynayır.
Bundan başqa, o qeyd edib ki, Ankara "Bir kəmər - bir yol" təşəbbüsünün bir hissəsi kimi Orta Dəhliz təşəbbüsünü təşviq edir.
"Bu kontekstdə biz Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Bütün sahələrdə yüksələn ulduz kimi baxdığımız Şanxay Təşkilatı ilə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq", - Ərdoğan deyib.
Onun sözlərinə görə, təxminən 3,5 milyard insanı əhatə edən, 35 trilyon dollar həcmində Ümumi Daxili Məhsula (ÜDM) malik olan ŞƏT son 25 il ərzində çoxqütblü nizamın ayrılmaz elementlərindən birinə çevrilib.
Türkiyə lideri "Şanxay ruhundan" ilhamlanan təşkilatın əsl çoxqütblü dünyanın formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Demokrat.az


