Braziliyalı ulduz futbolçu Neymarın ailə şirkəti "NR Sports" Braziliyanın "Santos" klubuna maliyyə dəstəyi göstərərək FIFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılmasına kömək edib.
Demokrat.az xəbər verir ki, klub fransalı "Monako"ya yarımmüdafiəçi Jan Lukasın transferindən yaranan 12 milyon real (təxminən 1,7 milyon funt sterlinq) borcunu ödəyib. Bununla da iyul ayından qüvvədə olan transfer məhdudiyyəti aradan qaldırılıb və "Santos" yeni futbolçuları qeydiyyatdan keçirə biləcək.
"Santos" rəsmi açıqlamasında qadağanın "NR Sports"un maliyyə dəstəyi sayəsində aradan qaldırıldığını təsdiqləyib. Razılaşmaya əsasən, klub və Neymarın ailə şirkəti formadakı hələ kommersiyalaşdırılmamış sponsorluq sahələrinin birgə satışını həyata keçirəcək.
Transfer qadağasının götürülməsi "Santos"un heyətini gücləndirməsinə imkan verib. Klubun əsas hədəflərindən birinin vaxtilə “Yuventus”da çıxış etmiş braziliyalı yarımmüdafiəçi Artur Melo olduğu bildirilir.
Santos hazırda Braziliya çempionatında aşağı liqaya düşmə zonasından cəmi iki xal öndədir. Klub bu həftəsonu “Korintians”la qarşılaşacaq.
Neymarın isə “Palmeyras”a qarşı Braziliya Kubokunun 1/4 final mərhələsinin ilk oyununda iştirak etməməsindən sonra “Korintians”la matçda əsas heyətə qayıtması gözlənilir.
Jalə Demokrat.az


