İdman Özəl

UEFA hərəkətə keçdi: "Fənərbağça"nın ulduzu cəzalandırılacaq

UEFA hərəkətə keçdi: Fənərbağçanın ulduzu cəzalandırılacaq

UEFA-nın “Fənərbağça” ilə “Lion” arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş verən insidentlə bağlı intizam araşdırmasına başlayacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisinin fransalı futbolçusu Matteo Günduzi ilə “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra arasında yaşanan gərginlik qarşılaşmadan sonra əsas müzakirə mövzularından birinə çevrilib.

“Fənərbağça”nın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Matteo Günduzi soyunub-geyinmə otağına gedərkən Ferreyra tərəfindən fiziki hücuma məruz qalıb. Bundan əvvəl isə fransalı futbolçunun rəqib azarkeşlərə jest etməsi gərginliyin yaranmasına səbəb olub.

Günduzi açıqlamasında oyunboyu azarkeşlərin anasına və ailəsinə qarşı təhqiramiz ifadələr işlətdiyini bildirib. O, etdiyi jestin isə zarafat xarakteri daşıdığını və “Marsel” azarkeşi olduğunu hər kəsin bildiyini deyib.

Fransanın “L'Equipe” qəzetinin məlumatına görə, UEFA-nın bu gün insidentlə bağlı intizam araşdırmasına başlaması gözlənilir.

Nəşr Günduzi üçün 1-3 oyunluq diskvalifikasiya ehtimalını irəli sürüb. Onun hərəkətlərinin UEFA-nın İntizam Reqlamentinin oyunçuların və rəsmilərin qeyri-etik davranışlarını əhatə edən 15-ci maddəsi üzrə qiymətləndirilə biləcəyi bildirilir.

Futbolçunun hərəkətləri rəqibə və ya oyunda iştirak edən digər şəxsə təhqir, qeyri-idman davranışı və azarkeşləri təxribata çəkmək kimi bəndlər çərçivəsində araşdırıla bilər.

Matteo Günduzibib fiziki hücuma məruz qalmasına görə “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ilə bağlı da ciddi cəza ehtimalı var. “L'Equipe” onun 3-5 oyunluq cəza ala biləcəyini yazıb. UEFA insidenti oyunçuya və ya matçda iştirak edən digər şəxsə fiziki hücum kimi qiymətləndirərsə, Ferreyra ən azı 3 oyunluq cəza ilə üzləşə bilər.

Hücumun daha ağır fiziki zorakılıq kimi qiymətləndirilməsi halında isə məşqçiyə veriləcək cəzanın 5 oyuna qədər artırılması mümkündür.

Beləliklə, UEFA-nın qərarı həm Günduzi, həm də “Lion” nümayəndəsi üçün qarşıdakı avrokubok oyunlarına birbaşa təsir göstərə bilər.

Jalə Demokrat.az

D
demokrat.az