Avtomobil hərəkətdə olarkən təkərin partlaması sürücü üçün təhlükəli vəziyyət yarada bilər.
Demokrat.az xəbər verir ki, belə halda sükanın düzgün idarə olunması və avtomobilin təhlükəsiz şəkildə yol kənarına çəkilməsi vacibdir.
Təkər partladıqda avtomobil anidən bir tərəfə çəkməyə başlaya və bərk səs eşidilə bilər. İlk şok keçdikdən sonra sürücü qaz pedalını yavaş-yavaş buraxmalı, sükanı iki əli ilə möhkəm tutaraq avtomobili tədricən təhlükəsizlik zolağına yönəltməlidir.
Sürət 40 km/saata düşdükdə dönmə işığı yandırılmalı və avtomobil yolun kənarına və ya təhlükəsizlik zolağına keçirilməlidir. Eyni zamanda qəza işıqlarını yandırmaq da vacibdir. Avtomobilin ən azı 50 metr arxasına qəza dayanacaq nişanı qoyulmalı, imkan olduqda konuslardan istifadə edilməlidir.
Sürücü və sərnişinlər isə avtomobildə gözləmək əvəzinə çəpərlərin arxasına və ya yol kənarındakı təhlükəsiz əraziyə keçməlidirlər. Xüsusilə magistral yollarda hərəkət zolağında dayanmaq əlavə qəza riskini artırır.
Bildirilir ki, ehtiyat təkər olmadıqda və ya avtomobil magistral yolda qaldıqda təkəri özbaşına dəyişməyə çalışmağı tövsiyə etmirlər. Belə hallarda səyyar təkər təmiri xidmətlərindən və yol yardımından istifadə etmək daha təhlükəsizdir.
Bununla yanaşı, təkərlərin texniki vəziyyətinə mütəmadi nəzarət etmək qəfil problemlərin qarşısını almağa kömək edir. Təkər təzyiqi hər ay yoxlanılmalı, protektorun dərinliyi 1,6 mm-dən aşağı düşdükdə təkər dəyişdirilməlidir. Həmçinin hər 10 min kilometrdən bir təkərlərin balans və razval tənzimlənməsinin yoxlanılması tövsiyə olunur.


