Analitik Ekspertiza Mərkəzi (AEM) “Vefa Esthetic Center” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama keçirib.
Demokrat.az xəbər verir ki, yoxlama müəssisənin fəaliyyəti ilə bağlı mediada yayılan məlumatlar və qanunvericiliyin müvafiq tələbləri əsasında aparılıb.
Yoxlama zamanı bir sıra qanun pozuntuları müəyyən edilib. Belə ki, müəssisədə çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, o cümlədən “Kosmetologiya” işi üzrə həkimin qanunla nəzərdə tutulan sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş forma və qaydalara uyğun aparılmadığı müəyyən olunub.
AEM-in məlumatına görə, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələri də aşkarlanıb.
Yoxlama zamanı lisenziyada göstərilən işlərdən kənar fəaliyyətlə bağlı da pozuntu müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə “endokrinoloq” vəzifəsində fəaliyyət faktının olduğu bildirilib.
Aşkar edilmiş pozuntularla bağlı “Vefa Esthetic Center” MMC barəsində inzibati tənbeh tədbirləri seçilib. İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.
AEM həmçinin bildirib ki, vətəndaşların müraciətləri əsasında tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.


