Yüksək neft qiymətləri istehlakçıları daxiliyanma mühərrikli avtomobillərdən uzaqlaşmağa sövq edib.
Demokrat.az xəbər verir ki, “Reuters”in məlumatına görə, iyul ayında Avropanın böyük hissəsində elektrikli avtomobillərin satışı artıb. Xüsusilə fevral ayında başlayan müharibə avtomobil seçimlərinə də təsir göstərib.
Avropada artıq elektrikli avtomobillərə üstünlük verilir
“Reuters”in məlumatına görə, yüksək neft qiymətləri, subsidiyalar və daha münasib qiymətli modellərin əlçatan olması istehlakçıları daxiliyanma mühərrikli avtomobillərdən imtina etməyə sövq etməyə başlayıb. İyul ayında Avropanın böyük hissəsində elektrikli avtomobillərin satışının artdığı qeydə alınıb.
“Renault”un Böyük Britaniyadakı baş direktoru Adam Vud Londonun 64 kilometr şimalında yerləşən Letçvortdakı diler mərkəzində bildirib ki, insanlar yanacaq qiymətlərindəki dəyişkənlikdən qorunmağın yollarını axtarırlar və elektrikli avtomobillər bunun üçün yaxşı vasitədir.
“Biz elektrikli avtomobillərin kütləvi bazarın bir hissəsinə çevrildiyi dönüş nöqtəsindəyik”, deyə Vud bildirib.
İki il əvvəl “Renault”un Böyük Britaniyadakı satışlarının cəmi 10 faizi elektrikli avtomobillərin payına düşürdü. Bu ilin iyulunda isə elektrikli avtomobillər şirkətin sifarişlərinin 50 faizindən çoxunu təşkil edib.
“Renault 5” ötən ay Böyük Britaniyada ən çox satılan elektrikli avtomobil olub.
Sektor məlumatlarına görə, Avropa İttifaqında elektrikli avtomobillərin satışı ilin ilk yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 1,2 milyonu keçib. Bu avtomobillərin ümumi satışlardakı payı 20,7 faiz təşkil edib.
“Renault”nun ilin sonuna yaxın təqdim edəcəyi yeni elektrikli avtomobilin də alıcılar tərəfindən maraqla qarşılanacağı gözlənilir. Avropanın digər ölkələrində də oxşar tendensiya müşahidə olunur.
Amsterdamda yerləşən onlayn satış platforması “OLX” bildirib ki, İran müharibəsi başlayandan sonra onlayn avtomobil bazarlarında elektrikli avtomobillərə müştəri tələbi Fransada 84 faiz, Rumıniyada 59 faiz, Portuqaliyada 30 faiz və Polşada 19 faiz artıb.
Jalə Demokrat.az


